Bitcoin həftə ərzində təxminən 3 faiz ucuzlaşıb

Bitcoin həftə ərzində təxminən

Neft qiymətlərinin artması, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasətini sərtləşdirə biləcəyi ilə bağlı gözləntilər və kriptovalyutaların təhlükəsizliyinə dair narahatlıqlar bitkoinin qiymətinə təzyiq göstərib. Nəticədə dünyanın ən böyük kriptovalyutası həftənin sonuna doğru 82 450 dollar ətrafında ticarət olunub.

Monetar.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 08:04 radələrində bitcoinin qiyməti 82 674,5 dollar təşkil edib. Kriptovalyuta əvvəlki 24 saat ərzində 0,53 faiz bahalaşsa da, gün ərzində qeydə alınan maksimum səviyyədən təxminən 1 faiz aşağı düşüb.

Bazar günü 87 min dollar həddinə yaxınlaşan bitcoin həftə ərzində mövqelərini itirib. Mövcud dinamika həftəlik yekunda kriptovalyutanın təxminən 3 faiz ucuzlaşa biləcəyini göstərib.

Enerji daşıyıcılarının bahalaşması və faiz dərəcələrinin yüksəlməsi riskli aktivlərin satışını sürətləndirib. İnvestorlar mühüm inflyasiya göstəricilərinin açıqlanması ərəfəsində FED-in gələcək pul-kredit siyasətini yenidən qiymətləndirirlər.

Gələn həftə açıqlanması gözlənilən sentyabr ayı üzrə İstehlak Qiymətləri İndeksi (CPI) və İstehsalçı Qiymətləri İndeksi (PPI) göstəriciləri ABŞ mərkəzi bankının faiz dərəcələrini artırmağa qayıdıb-qayıtmayacağı ilə bağlı əlavə siqnallar verə bilər.

Maliyyə bazarlarının gözləntilərinə əsasən, FED-in oktyabrın 27–28-də keçiriləcək iclasında uçot dərəcəsini dəyişməz saxlaması, dekabrda isə onu 25 baza bəndi (0,25 faiz bəndi) artırması ehtimal olunur.

Faiz dərəcələrinin yüksəlməsi adətən bitkoin kimi spekulyativ aktivlərə marağı zəiflədir. Çünki belə şəraitdə investorlar sabit gəlir gətirən ənənəvi maliyyə alətlərinə üstünlük verə bilərlər.

Kriptovalyuta bazarına təzyiq göstərən digər amil rəqəmsal aktivlərin təhlükəsizliyi ilə bağlı yaranan suallardır. Aparat kriptovalyuta pul kisələri istehsalçısı “Ledger” Cənub-Şərqi Asiyada rəsmi diler vasitəsilə satılmış cihazlarla əlaqəli vəsait itkisi barədə məlumatları araşdırmağa başlayıb.

Blokçeyn üzrə müstəqil ekspertlər ehtimal olunan zərərin həcmini 86 milyon–93,4 milyon dollar arasında qiymətləndirirlər. Bununla belə, “Ledger” şirkəti nə göstərilən məbləğləri, nə də insidentin dəqiq səbəbini hələlik rəsmi şəkildə təsdiqləyib.