Qlobal enerji birjalarında kəskin qiymət ucuzlaşması qeydə alınıb. Bloomberg agentliyinin yaydığı məlumata görə, ABŞ və İran arasında Hörmüz boğazının yenidən açılmasına dair əldə olunmuş ilkin razılaşma qlobal neft tədarükünün sürətlə bərpa olunacağı gözləntilərini artırıb və nəticədə neftin qiyməti cari ilin mart ayından bəri ilk dəfə 80 dollarlıq psixoloji həddən aşağı enib.
Londonun "ICE" birjasında keçirilən ticarət sessiyasında dünya üzrə etalon hesab edilən "Brent" markalı xam neftin qiyməti bir anda 4%-dən çox dəyər itirərək bir barrel üçün 79,75 dollara qədər geriləyib. Bu, sonuncu dəfə bu ilin 3 mart tarixində qeydə alınan minimum səviyyə idi.
Ekspertlər bildirirlər ki, Hörmüz boğazı vasitəsilə qlobal dəniz neft tədarükünün beşdə biri həyata keçirilirdi. Bu strateji su yolunun blokadadan çıxması və İran neftinin yenidən tam həcmdə dünya bazarına qayıtması ehtimalı, son aylarda Yaxın Şərq münaqişəsi səbəbindən qiymətlərə əlavə olunan "geosiyasi risk mükafatı"nı tamamilə sıfırlayıb.
Yaxın günlərdə sazişin rəsmi mətni elan olunduqdan sonra qiymətlərin 75-78 dollar diapazonuna qədər enə biləcəyi proqnozlaşdırılır.
MONETAR.AZ