Mərkəzi Bankın 34 daşınmaz əmlakı təkrar hərraca çıxarılır

Mərkəzi Bankın 34 daşınmaz əmlakı

Azərbaycan Respublikasının Mərkəzi Bankının balansında olan 34 daşınmaz əmlak 18 iyun 2026-cı il tarixində saat 10:00-da keçiriləcək təkrar hərrac vasitəsilə satışa çıxarılacaq.

Hərraca Bakı şəhərinin müxtəlif ünvanlarında yerləşən mənzillər, fərdi yaşayış evləri, bağ evi, qeyri-yaşayış sahələri və qarajlar təqdim ediləcək.

Satışa çıxarılan əmlaklar arasında Nəsimi rayonu, 28 May küçəsi, ev 21A ünvanında yerləşən 17 qaraj, 7 mənzil və 2 qeyri-yaşayış sahəsi yer alır. Həmin mənzillərdən ən böyüyünün sahəsi 741,92 kvadratmetr olmaqla ilkin satış qiyməti 1 milyon 855 min manat müəyyən edilib.

Bundan başqa, hərraca aşağıdakı əmlaklar çıxarılacaq:

  • Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 213 kvadratmetrlik qeyri-yaşayış sahəsi – 788 min manat;
  • Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 557,8 kvadratmetrlik bağ evi – 445 min manat;
  • Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, ev 4 ünvanında yerləşən 534,5 kvadratmetrlik fərdi yaşayış evi – 950 min manat;
  • Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 71 ünvanında yerləşən 398,6 kvadratmetrlik qeyri-yaşayış sahəsi – 1 milyon 514 min manat;
  • Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi, ev 8 ünvanında yerləşən 314,3 kvadratmetrlik fərdi yaşayış evi – 1 milyon 100 min manat;
  • Nəsimi rayonu, 28 May küçəsi 21B ünvanında yerləşən 262 kvadratmetrlik qeyri-yaşayış sahəsi – 1 milyon 205 min manat;
  • Nərimanov rayonu, Tarıverdiyev küçəsi 9A ünvanında yerləşən 462,3 kvadratmetrlik fərdi yaşayış evi – 1 milyon 100 min manat;
  • Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində yerləşən 127,5 və 165,4 kvadratmetrlik iki mənzil – müvafiq olaraq 304 min və 394 min manat;
  • Nəsimi rayonu, 28 May küçəsi, ev 21A ünvanında yerləşən 638,7 kvadratmetrlik qeyri-yaşayış sahəsi – 4 milyon 644 min 500 manat.

Hərraca çıxarılan qarajların sahələri 17-32 kvadratmetr arasında dəyişir. Qarajların əksəriyyəti üçün ilkin satış qiyməti 44 min 500 manat, iki qaraj üçün isə 53 min manat müəyyən olunub.

Əmlakların ilkin satış qiymətləri 44 min 500 manatdan başlayaraq 4 milyon 644 min 500 manatadək dəyişir.

Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Qeyd edək ki, sözügedən daşınmaz əmlaklar ikinci dəfə təkrar hərraca çıxarılır.

MONETAR.AZ