Google 2026-cı ilin ən innovativ şirkəti seçildi

Google 2026-cı ilin

“Fast Company” nəşrinin hazırladığı 2026-cı il üzrə dünyanın ən innovativ şirkətləri reytinqində ilk pilləni ABŞ texnologiya nəhəngi Google tutub.

Reytinq 59 müxtəlif sahə və iqtisadiyyat sektorundan seçilmiş 50 şirkəti əhatə edib. Siyahıda süni intellekt, bulud texnologiyaları, elektron ticarət, maliyyə texnologiyaları və digər innovativ istiqamətlər üzrə fəaliyyət göstərən şirkətlər yer alıb.

“Fast Company” Google-u süni intellekt yarışının əsas liderlərindən biri kimi qiymətləndirib. Şirkətin yaratdığı Gemini platformasının inkişafı və süni intellekt həllərinin müxtəlif sahələrə inteqrasiyası şirkətin mövqeyinin güclənməsinə səbəb olub. Google-un ana şirkəti Alphabet-in bazar dəyəri 2026-cı ildə 4 trilyon ABŞ dollarını ötüb.

Reytinqdə ikinci yeri süni intellekt üçün çip və hesablama sistemləri istehsalçısı Nvidia tutub. Şirkətin süni intellekt infrastrukturu üçün hazırladığı yeni nəsil platformalar bazarda böyük maraq doğurub. Nvidia-nın kapitallaşması 4,9 trilyon dollar səviyyəsində qiymətləndirilir.

Üçüncü pillədə elektron ticarət infrastrukturu yaradan Kanadanın Shopify şirkəti qərarlaşıb. Şirkət süni intellekt əsaslı alış-veriş sistemləri və rəqəmsal ticarət həlləri üzərində çalışır.

Ən innovativ şirkətlər siyahısında həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən Anthropic, məlumat analitikası və bulud texnologiyaları şirkəti Databricks, maliyyə texnologiyaları şirkəti Ramp, pərakəndə satış nəhəngi Walmart və idman geyimləri istehsalçısı Adidas yer alıb.

Reytinqdə maraq doğuran məqamlardan biri də qeyri-kommersiya təşkilatının siyahıya daxil olmasıdır. Makkenzi Skott tərəfindən yaradılan Yield Giving fondu innovativ sosial layihələrə və təhsil təşəbbüslərinə dəstəyi ilə seçilib.

Ekspertlərin fikrincə, 2026-cı ildə innovasiya yarışının əsas istiqamətlərini süni intellekt, yüksək məhsuldarlıqlı hesablama sistemləri, rəqəmsal ticarət və məlumatların idarə olunması texnologiyaları müəyyən edir.

MONETAR.AZ