JPMorgan: Neftin 70 dollara düşməsi bazarları canlandıra bilər

JPMorgan: Neftin 70 dollara düşməsi

ABŞ ilə İran arasında əldə olunan razılaşma nəticəsində neft təklifinin artması ehtimalı qlobal fond bazarlarında yüksəliş üçün yeni imkanlar yarada bilər.

Bu barədə JPMorgan Asset Management şirkətinin Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionu üzrə baş bazar strateqi Karen Vard bildirib.

Onun sözlərinə görə, ABŞ-İran razılaşması çərçivəsində dondurulmuş aktivlərin azad edilməsi və əlavə neft həcmlərinin bazara çıxarılması nəticəsində yaxın həftələrdə neftin bir barelinin qiyməti 70 dollara qədər enə bilər.

Karen Vard qeyd edib ki, OPEC ölkələri arasında istehsal intizamının zəifləməsi və Körfəz ölkələrinin mövcud qiymətlərdən istifadə edərək ehtiyatlarını satışa çıxarmaq istəyi təklifin daha da artmasına səbəb ola bilər. Bu baxımdan, bazara əlavə neft axını yalnız İranla məhdudlaşmaya bilər.

Strateqin fikrincə, enerji qiymətlərinin aşağı düşməsi qlobal səhm bazarları üçün mühüm dəstək amilinə çevriləcək və mərkəzi bankların faiz dərəcələrini azaltmasına şərait yarada bilər.

Karen Vard bildirib ki, son aylarda İran ətrafında yaranan geosiyasi gərginlik investorların davranışına və bazar tendensiyalarına ciddi təsir göstərib. Onun sözlərinə görə, münaqişə ilə bağlı risklərin azalması investorlarda yenidən daha genişmiqyaslı aktivlərə maraq yaradır.

JPMorgan strateqi hesab edir ki, razılaşmanın uzunmüddətli qüvvədə qalması üçün həm Vaşinqtonun, həm də Tehranın öhdəliklərə əməl etməsi vacibdir. O, həmçinin vurğulayıb ki, İran neftinin əsas alıcılarından olan Çin iqtisadi maraqları səbəbindən Hörmüz boğazında uzunmüddətli bağlanmaya imkan verməyəcək.

Bu arada, Brent markalı neftin qiyməti gün ərzində 5 faizə yaxın ucuzlaşaraq bir barel üçün 83 dollardan aşağı düşüb. Bununla belə, bəzi analitiklər və treyderlər razılaşmanın detalları ilə bağlı qeyri-müəyyənliyin davam etdiyini bildirərək ehtiyatlı mövqe nümayiş etdirirlər.

Karen Vard Avropa iqtisadiyyatı ilə bağlı da nikbin mövqe sərgiləyib. Onun fikrincə, son dövrlərdə iqtisadi artımın təşviqi istiqamətində atılan addımlar fonunda Avropa bazarları hələ də dəyərindən aşağı qiymətləndirilir.

“Ümumilikdə bazarlarda nikbinlik artsa da, qiymətlərdə hələ də müəyyən pessimist gözləntilər öz əksini tapır”, – deyə JPMorgan strateqi vurğulayıb.

MONETAR.AZ