Müştərilərin hüquqlarını ən çox pozan supermarketlər

Müştərilərin hüquqlarını
9 Oktyabr 2025 09:00

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində aparılan yoxlamalar nəticəsində ən çox cərimələnmiş pərakəndə satış şəbəkələrinin adları müəyyən olunub.

Aparılmış nəzarət tədbirləri zamanı istehlakçının aldanması, məhsulun üzərində göstərilən qiymətdən baha satılması, qüsurlu malın geri qaytarılmasından imtina və müqavilələrə qanunsuz şərtlərin daxil edilməsi kimi hallara görə ümumilikdə 50-dən çox protokol tərtib olunmuşdur.

Təhlil göstərir ki, “Bravo” supermarketlər şəbəkəsinin sahibi olan “Azərbaycan Supermarket” MMC barəsində bu dövr ərzində 9 protokol tərtib olunub. Bütün hallarda şirkətin satdığı qida məhsullarının üzərində göstərilən qiymətdən baha satılması faktı müəyyən olunub.

Beləliklə, “Azərbaycan Supermarket” MMC 2025-ci ilin ilk 9 ayında ən çox inzibati xəta protokolu tərtib edilmiş pərakəndə satış müəssisəsi olub.

İnzibati xətalara görə ikinci yeri 7 protokolla “Araz Supermarket” MMC tutur. Bu şirkət barəsində də əsasən məhsulların kassada üzərində göstərilən qiymətdən baha satılması faktları qeydə alınıb.

Üçüncü pillədə “OBA Market” MMC qərarlaşıb – barəsində 5 protokol tərtib olunub. “Bazarstore” MMC və “ANC Group” MMC isə hər biri üzrə 4 protokolla növbəti yerlərdə qərarlaşıb.

Bundan əlavə, bir sıra fiziki şəxslər və digər kommersiya qurumları da istehlakçı hüquqlarının pozulmasına görə inzibati məsuliyyətə cəlb olunub. Tərtib olunmuş protokolların əksəriyyəti İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi (malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) əsasında yazılıb. Bəzi hallarda isə 444.2 (qüsurlu malın geri qaytarılmasından imtina) və 447.0.9 (istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri) maddələri üzrə tədbirlər görülüb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi vətəndaşlara müraciət edərək, məhsul və ya xidmətlə bağlı hüquqlarının pozulduğunu hesab etdikləri hallarda bu barədə Agentliyə və ya müvafiq dövlət qurumlarına müraciət etmələrini tövsiyə edir. Eyni zamanda, sahibkarlar qanunvericiliklə nəzərdə tutulmuş istehlakçı hüquqlarına riayət etməyə çağırılır.

MONETAR.AZ


Oxşar xəbərlər