OpenAI dünyanın ən dəyərli startapı oldu – 500 milyard dollar

OpenAI dünyanın ən dəyərli startapı oldu
10 Oktyabr 2025 12:42

OpenAI şirkəti – ChatGPT və digər süni intellekt alətləri ilə tanınan texnoloji nəhəng – dünyanın ən yüksək dəyərə malik startapı olub. Şirkət, indiki və keçmiş əməkdaşlarının səhmlərinin satışından sonra 500 milyard ABŞ dolları dəyərində qiymətləndirilib.

Crunchbase məlumat verir ki, OpenAI bu göstərici ilə SpaceX, ByteDance və Anthropic kimi güclü rəqiblərini də geridə qoyub. Beləliklə, OpenAI tarixdə ilk dəfə yarım trilyon dollar dəyərinə çatmış özəl şirkət olub.

Bu satış ənənəvi investisiya raundu deyil. Şirkətə birbaşa vəsait daxil olmasa da, bu addım istedadlı əməkdaşların saxlanılması məqsədi daşıyır. Belə ki, əməkdaşların müəyyən qazanc əldə etməsi onların rəqib şirkətlərin, xüsusilə Meta kimi texnoloji nəhənglərin yüksək maaşlı təkliflərinə müqavimət göstərməsini asanlaşdıracaq.

Qeyd edək ki, bu ilin əvvəlində OpenAI 40 milyard dollar vəsait cəlb etmişdi. Həmin raundda SoftBank şirkəti təkbaşına 30 milyard dollar investisiya qoymuşdu. Son səhmlərin alıcıları arasında yenə də SoftBank, eləcə də Thrive Capital və Dragoneer Investment Group kimi əvvəlki investorlar olub.

MONETAR.AZ


Oxşar xəbərlər