Təhsil xərclərindəki artım inflyasiyanı necə yuxarı çəkir?

Təhsil xərclərindəki artım
10 Oktyabr 2025 17:09

2025-ci ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,8 faiz təşkil etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə sentyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən ali, orta ixtisas və ödənişli məktəbəqədər təhsil müəssisələrinin, xarici dil və abituriyent hazırlığı kurslarının, mənzillərin kirayəyə verilməsi və bərbərxana xidmətlərinin,  ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2025-ci ilin sentyabr ayı üzrə açıqlanan rəsmi statistika göstərir ki, Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlər arasında ən nəzərəçarpacaq qiymət artımı təhsil sektoru ilə bağlı olub. Xüsusilə ali, orta ixtisas və ödənişli məktəbəqədər təhsil müəssisələri, xarici dil kursları və abituriyent hazırlığı mərkəzlərində təhsil haqlarının bahalaşması müşahidə edilib. Bu artımlar ümumi inflyasiya səviyyəsinə birbaşa təsir göstərməklə yanaşı, sosial və iqtisadi baxımdan da mühüm nəticələr doğurur.

İstehlak qiymətləri indeksi çərçivəsində xidmətlər sektoru xüsusilə təhsil sahəsi, əhalinin aylıq büdcəsində mühüm yer tutur. Belə olan halda təhsil haqlarındakı hər hansı artımistehlak strukturuna təsir göstərir. Təhsil haqlarının yüksəlməsi həm xidmətlər üzrə inflyasiyanı artırır, həm də ümumi istehlak səbətində təzyiqləri gücləndirir.

Təhlillər göstərir ki, təhsil xidmətlərinin qiymət artımı ailə büdcələrinin təhsil xərcləri istiqamətində daha çox yönəlməsinə səbəb olur. Eyni zamanda digər istehlak mallarına olan xərcləri məhdudlaşdıraraq real istehlak gücünü azaldır.  Xidmətlər sektorunda tələb-təklif balansını pozaraq qiymətləri qalxmağa davam etdirə bilər.

Təhsil haqlarının artımı ilk baxışdan müəyyən müəssisələrin maliyyə dayanıqlılığı və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə əsaslandırıla bilər. Lakin bu artımların ardıcıl şəkildə davam etməsi aşağı və orta gəlirli ailələrin övladlarının təhsilə çıxış imkanlarının məhdudlaşmasına, əlavə hazırlıq və kurslara qatılma imkanlarının azalmasına və gənclərin xaricdə təhsilə yönəlmə meyllərinin artmasına səbəb ola bilər.

Bütün bu faktorlar təhsilin inklüzivliyinə və iqtisadiyyatın uzunmüddətli insan kapitalı potensialına da mənfi təsir edə bilər.

İqtisadçıların fikrincə, təhsil sektorunda qiymət artımları inflyasiyanın xidmətlər komponentini gücləndirən əsas amillərdəndir. Bu baxımdan, dövlətin həm tənzimləyici rolunun artırılması, həm də təhsil xidmətlərinə güzəştli maliyyə dəstəklərinin tətbiqi mühüm alət ola bilər. Eyni zamanda, şəffaf qiymət formalaşdırması və xidmət keyfiyyətinin qiymət artımı ilə adekvat olub-olmamasına da nəzarət zəruridir.

MONETAR.AZ


Oxşar xəbərlər