ABŞ-ın strateji neft ehtiyatlarının həcmi 1983-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. Buna səbəb Prezident Donald Tramp administrasiyasının yanacaq qiymətlərindəki artımın qarşısını almaq məqsədilə bazara böyük həcmdə neft buraxmasıdır.
Bu barədə “Bloomberg” agentliyi ABŞ Energetika Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, ölkənin strateji neft ehtiyatlarında hazırda təxminən 340 milyon barel neft qalır. Bu göstərici son onilliklərin minimum səviyyəsinə yaxındır.
ABŞ Energetika Nazirliyi mart ayında bir sıra ölkələrlə koordinasiyalı şəkildə strateji ehtiyatlardan ümumilikdə 172 milyon barel neftin bazara çıxarılacağını açıqlayıb. Qərar ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından qısa müddət sonra qəbul edilib.
Proqram tam şəkildə həyata keçirilərsə, bu, strateji neft ehtiyatlarının tarixində ikinci ən böyük neft buraxılışı olacaq. Nəticədə ehtiyatların həcmi təxminən 243 milyon barelə qədər azalacaq ki, bu da anbarların ümumi layihə gücünün təxminən üçdə birinə bərabərdir.
Mütəxəssislər bildirirlər ki, ehtiyatların azalması gələcəkdə mümkün təchizat fasilələri zamanı ABŞ-ın manevr imkanlarını məhdudlaşdıra bilər.
Bununla yanaşı, Energetika Nazirliyi qarşıdakı bir il ərzində strateji ehtiyatları təxminən 200 milyon barel artırmağı planlaşdırdığını açıqlayıb. Bu həcm bazara çıxarılan neftdən 20 faiz çoxdur.
Müharibənin başlanmasından sonra dünya bazarlarında neftin qiyməti təxminən 20 faiz yüksəlib. Bunun nəticəsində ABŞ-da benzinin orta pərakəndə satış qiyməti bir qallon üçün 4,07 dollara çatıb.
Analitiklərin fikrincə, strateji ehtiyatlardan istifadənin əsas məqsədi enerji bazarlarında sabitliyi qorumaq və istehlakçılar üçün yanacaq qiymətlərində kəskin artımın qarşısını almaqdır.