Azərbaycan Avropaya qaz tədarükçülərindən biri olaraq qalmaqda davam edir və Aİ-nin ümumi enerji balansında 2,5% paya malikdir. Bu göstəricilər mayeləşdirilmiş təbii qazın rekord səviyyədə idxalı fonunda qeydə alınır.
Avropa Qaz Nəqli Sistemi Operatorları Şəbəkəsinin məlumatına görə, Avropaya qaz tədarükü mənbələri arasında mayeləşdirilmiş təbii qaz 36,2% payla birinci yerdədir. Ondan sonra Şimal dənizindən (əsasən Norveç qazı) tədarük – 28,3%, yeraltı qaz anbarlarından götürülmə – 21,3%, eləcə də Şimali Afrikadan tədarük – 7,2% təşkil edir.
Bu fonda Avropa aprel ayında mayeləşdirilmiş təbii qaz idxalını ötən ilin rekord səviyyəsində saxlayıb. Gas Infrastructure Europe-un məlumatına əsasən, terminallardan Aİ-nin qaz nəqli sisteminə daxil olan mayeləşdirilmiş təbii qaz həcmi təxminən 12,61 milyard kubmetr olub. Bu, mart ayı ilə müqayisədə 7% azdır və demək olar ki, 2025-ci ilin aprel səviyyəsinə uyğundur.
Ümumilikdə, yanvar–aprel aylarında Avropaya mayeləşdirilmiş təbii qaz tədarükü 50,8 milyard kubmetri ötüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur. İdxalın artması növbəti istilik mövsümü ərəfəsində yeraltı anbarlara qazın sürətlə vurulması zərurəti ilə izah olunur.