Qəzzada atəşkəsə nəzarət mərkəzi bağlanacaq

 Qəzzada atəşkəsə

ABŞ Prezidenti Donald Tramp administrasiyası Qəzzada atəşkəsə nəzarət edən mərkəzin bağlanması qərarını verib. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, İsraildə yerləşən və ABŞ hərbçiləri tərəfindən idarə olunan, CMCC (Mülki-Hərbi Koordinasiya Mərkəzi) adlanan qurum HƏMAS ilə İsrail arasında atəşkəsə nəzarət edir və Qəzzaya yardımın koordinasiyasını həyata keçirirdi.

Diplomatik mənbələrə istinadən bildirilir ki, CMCC bağlanacaq, onun funksiyaları isə ABŞ-ın rəhbərliyi altında yaradılacaq beynəlxalq təhlükəsizlik missiyasına ötürüləcək. Bu missiyanın Qəzzada yerləşdirilməsi planlaşdırılır.

Mərkəzin bağlanması Tramp administrasiyasının Qəzza ilə bağlı planı üçün növbəti çətinlik kimi qiymətləndirilir. Plan oktyabr ayında əldə olunan atəşkəsdən sonra İsrailin davam edən hücumları və HƏMAS-ın silahları təhvil verməkdən imtina etməsi səbəbindən ciddi zərbə alıb.

Rəsmilər qeyd edir ki, bu addım ABŞ-ın atəşkəsə nəzarət və humanitar yardımı koordinasiya etmək səylərinin nə qədər mürəkkəb olduğunu göstərir. Hazırda İsrailin Qəzzada daha çox əraziyə nəzarəti genişləndirdiyi, HƏMAS-ın isə öz nəzarətində olan bölgələrdə mövqelərini möhkəmləndirdiyi bildirilir.

Qərarın ABŞ-ın müttəfiqləri arasında narahatlığı artıracağı gözlənilir. Çünki Tramp daha əvvəl tərəfdaş ölkələri CMCC-yə personal və maliyyə dəstəyi ayırmağa çağırmışdı.

Qeyd olunur ki, ABŞ və İsrailin İrana qarşı başladığı müharibədən sonra Qəzzanın bərpası planı da dayandırılıb.

Trampın rəhbərlik etdiyi şura CMCC-nin gələcəyi ilə bağlı şərh verməkdən imtina edib.

 

MONETAR.AZ