Sabirabadda Kür çayı məcrasından çıxıb

Sabirabadda Kür çayı

Sabirabad rayonunun Suqovuşan ərazisində Kür çayında suyun səviyyəsinin kəskin artması nəticəsində çay məcrasından çıxıb.

Bildirilir ki, son günlər yağan intensiv yağışlar çayda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub.

Nəticədə Araz çayı ilə Kürün birləşdiyi ərazidə su sahildən kənara çıxaraq sahilboyu yerləşən tuqay meşələri istiqamətində yayılmağa başlayıb.

Hadisə zonasının yaxınlığında restoranların yerləşdiyi qeyd olunur və suyun həmin istiqamətə doğru hərəkəti müşahidə edilir.

Rayonun Fövqəladə Hallar Komissiyasından bildirilib ki, vəziyyət nəzarət altındadır. Qurumun məlumatına görə, çayın məcrasından çıxmasına baxmayaraq, hazırda ciddi təhlükə gözlənilmir, çünki su səviyyəsi mühafizə bəndindən təxminən iki metr aşağıdır.

Müvafiq xidmətlər ərazidə monitorinqləri davam etdirir, vəziyyətin sabitləşdirilməsi üçün zəruri qabaqlayıcı tədbirlər görülür. Zərurət yaranacağı təqdirdə əlavə texnika və canlı qüvvənin cəlb olunması planlaşdırılır.