Azərbaycanın gömrük sistemində sahibkarların işini asanlaşdıracaq və prosesləri daha şəffaf edəcək yeni bir mərhələ başlayır. Milli Məclisin mayın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq Gömrük Məcəlləsinə dəyişikliklər, həm milli valyutamızın mövqeyini gücləndirir, həm də idxal-ixrac əməliyyatlarında maliyyə yükünü azaldır.
İndiyə qədər gömrük bəyannamələrində xarici valyuta ilə aparılan hesablamalar bəzən məzənnə fərqləri ucbatından sahibkarlar üçün əlavə başağrısı yaradırdı. Yeni qanun layihəsinə əsasən, malların gömrük dəyərinin birbaşa milli valyuta (manat) ilə bəyan edilməsi nəzərdə tutulur.
Əgər sahibkar gömrük borcunun bir qismini ödəyibsə, ona uyğun olaraq təqdim etdiyi təminatın da bir hissəsi dərhal azad ediləcək. Bu mexanizm biznes üçün bir sıra mühüm üstünlüklər yaradır. İlk növbədə, likvidlik artır: sahibkarların vəsaiti uzun müddət gömrük hesablarında “dondurulmuş” vəziyyətdə qalmır və daha çevik istifadə imkanı yaranır. Bu isə nağd pul axınının yaxşılaşmasına birbaşa təsir edir.
Eyni zamanda, dövriyyə vəsaitlərinin bərpası sürətlənir. Azad olunan vəsaitlər hesabına şirkətlər yeni sifarişlər verə, idxal həcmini artıra və ya gündəlik əməliyyat xərclərini daha rahat qarşılaya bilirlər.
Digər tərəfdən, risklərin idarə olunması da yaxşılaşır. Gömrük borcu azaldıqca maliyyə öhdəlikləri də paralel şəkildə azalır, bu da biznesin ümumi dayanıqlığını və maliyyə sabitliyini gücləndirir.
MONETAR.AZ