BakıKart, Bakı Metropoliteni və BakuBus birgə açıqlama verib

BakıKart, Bakı Metropoliteni və BakuBus

BakıKart, Bakı MetropoliteniBakuBus NFC ödənişləri ilə bağlı birgə bəyanat yayıb.

Bildirilib ki, bəzi hallarda NFC vasitəsilə ödənişlər bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə silinə bilər. Bu isə ictimai nəqliyyatda tətbiq olunan “gecikdirilmiş təsdiqləmə” (delayed authorization) prinsipi ilə bağlıdır.

Qeyd olunub ki, bu səbəbdən edilən səfərlərin ödənişləri kartlardan dərhal deyil, müəyyən vaxt intervalından sonra çıxılır və bəzi istifadəçilərə vəsaitin ardıcıl və ya təkrar silindiyi kimi görünə bilər. Əslində isə hər bir səfər ayrıca və düzgün şəkildə emal olunur.

Açıqlamada vurğulanıb ki, hazırda müşahidə olunan “ardıcıl silinmə” halları 24, 25, 26 və 27 aprel tarixlərində həyata keçirilmiş səfərlərin gecikmiş emalı ilə bağlıdır. Yəni hazırda kartlardan çıxılan vəsaitlər cari günə deyil, məhz həmin tarixlərdə istifadə olunan səfərlərə aiddir.

Belə hallarla üzləşən sərnişinlərə bank kartları üzrə əməliyyat tarixçəsini yoxlamaq tövsiyə olunur.

Həmçinin qeyd edilib ki, sistem yalnız faktiki həyata keçirilmiş səfərlərə görə ödəniş tutur və heç bir halda əlavə və ya artıq vəsait silinmir.

Layihənin operatoru BakıKartdır. Hər hansı sual yarandıqda sərnişinlərə birbaşa şirkətə müraciət etmələri tövsiyə olunur. Bu zaman operativ araşdırma aparılacaq və əlavə məlumat təqdim ediləcək.