Azərbaycanda qanunvericiliyə yeni anlayış — “hərbi qulluqçunun şəxsi nişanı” daxil edilir.
Müvafiq müddəa Azərbaycan Respublikasının Milli Məclisinin bugünkü iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Qanun layihəsinə əsasən, şəxsi nişan hərbi qulluqçunun fərdi nömrəsini və qan qrupu barədə məlumatları ehtiva edən identifikasiya vasitəsidir. Bu nişan hərbi qulluqçuların həlak olması, vəfat etməsi və ya yaralanma, travma, kontuziya və digər hallarda şəxsiyyətin müəyyənləşdirilməsi çətinləşdiyi zaman istifadə olunacaq.
Hərbi qulluqçuların şəxsi nişanlarla təmin edilməsi onların xidmət keçdiyi müvafiq dövlət orqanları tərəfindən həyata keçiriləcək. Nişanların verilməsi qaydası, xarici görnüşü, texniki xüsusiyyətləri və uçot qaydaları isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Qeyd olunur ki, hərbi qulluqçular xidmət zamanı yüksək risklərlə üzləşirlər. Döyüş şəraitində və fövqəladə hallarda onlar həlak ola və ya ağır xəsarətlər ala bilərlər ki, bu da şəxsiyyətin müəyyən edilməsini çətinləşdirir. Belə hallarda şəxsiyyətin operativ müəyyənləşdirilməsi və qan qrupu haqqında məlumatın mövcudluğu təcili tibbi yardımın göstərilməsi baxımından həyati əhəmiyyət daşıyır.
Bildirilib ki, şəxsi identifikasiya nişanlarından istifadə beynəlxalq təcrübədə geniş yayılıb və effektivliyini sübut edib. Bu baxımdan, “hərbi qulluqçunun şəxsi nişanı” anlayışının qanunvericilikdə təsbit olunması və tətbiq mexanizminin tənzimlənməsi təklif edilir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.