28 May – Müstəqillik Günüdür 

28 May –

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsinin imzalanması ilə Azərbaycanın müstəqilliyi bütün dünyaya elan olunub və xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin davamı təmin edilib.

Şərqdə ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə mühüm dövlət quruculuğu proseslərini həyata keçirib. Bu dövrdə Azərbaycanın ilk parlamenti və hökuməti formalaşdırılıb, dövlət atributları təsis olunub, ölkənin sərhədləri müəyyənləşdirilib, milli ordu yaradılıb və dövlət idarəçiliyi istiqamətində mühüm addımlar atılıb.

Eyni zamanda, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, Azərbaycanın milli maraqlarının diplomatik müstəvidə qorunması istiqamətində ciddi fəaliyyət həyata keçirilib. Parlament tərəfindən qəbul olunan qanunlar ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasına, demokratik prinsiplərin möhkəmləndirilməsinə mühüm töhfə verib.

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratik idarəçilik ənənələrinin formalaşmasında mühüm tarixi rol oynayıb və müasir Azərbaycan dövlətçiliyinin əsasını təşkil edib.

Bu gün Azərbaycan xalqı 28 May – Müstəqillik Gününü qürur və ehtiramla qeyd edir, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əziz xatirəsini minnətdarlıqla yad edir.

MONETAR.AZ