Son bir ildə qeydə alınan sürətli qiymət artımı gümüş bazarında tələbin ciddi şəkildə zəifləməsinə (aşınmasına) zəmin yaradıb. CNBC kanalının böyük investisiya banklarının hesabatlarına istinadən yaydığı məlumata görə, geniş sənaye tətbiqlərinə malik olan gümüş, qızıldan fərqli olaraq qlobal iqtisadi dövrlərə və faiz dərəcələrinə qarşı daha həssasdır.
Kompüter, günəş panelləri və müasir avtomobil istehsalında əvəzolunmaz xammal hesab olunan bu metal, fundamental olaraq "həddindən artıq qiymətli" mərhələyə qədəm qoyub və ciddi korrektə (ucuzlaşma) təhlükəsi ilə qarşı-qarşıyadır.
İsveçrənin nəhəng UBS bankının analitikləri gümüşə investisiya qoymağı hazırkı mərhələdə “cəlbedici olmayan” mövqe kimi xarakterizə edirlər. Bankın qeydlərində qiymət artımının yaratdığı fəsadlar belə izah olunur. Ötən il qiymətlərin təxminən 140% yüksəlməsi real sənaye alıcılarını bazardan uzaqlaşdırıb. Qiymətlər bu səviyyədə qaldıqca, istehsalçıların gümüşdən imtina etməsi və ya onu daha ucuz alternativlərlə əvəzləməsi (məsələn, günəş panellərində gümüşün payının azaldılması) prosesi sürətlənəcək.
Qızılın arxasında dünya mərkəzi banklarının qətiyyətli və daimi alış dəstəyi dayandığı halda, gümüşün belə bir qlobal strateji dayaq nöqtəsi yoxdur və o, tamamilə sənaye konyunkturasından asılıdır.
Gümüşün birja qiymətləri cari il ərzində kəskin qrafik cızıb:
-
Tarixi zirvə: Qiymətlər yanvarın 28-də özünün pik həddinə çataraq bir unsiya üçün 120 dolları keçib. Lakin dərhal sonra bazarda cəmi bir gün ərzində 30%-lik tarixi çöküş yaşanıb.
-
2026-cı ilin minimumu: Martın 20-də qiymət 67,60 dollara qədər geriləyib.
-
Son vəziyyət: May ayının ortalarında qiymətlər yenidən qısamüddətli olaraq 87 dollara qədər yüksəlsə də, sonradan 75–78 dollar koridoruna qayıdıb. Cümə axşamı (bu gün) keçirilən ticarət sessiyasında isə spot gümüşün qiyməti 3,7% azalaraq bir unsiya üçün təxminən 72,13 dollar səviyyəsinə enib.
HSBC bankının mütəxəssisləri gümüşün artım potensialının tükəndiyini qeyd edirlər. Onların fikrincə, qızıl/gümüş nisbətinin (gold/silver ratio) genişlənmə ehtimalı olduqca yüksəkdir. Bu isə o deməkdir ki, gələcəkdə qızıl bahalaşmağa davam etsə belə, gümüş təkbaşına ucuzlaşa bilər.
Macquarie strateqləri isə bazarda hər hansı bir bərpa perspektivi görmədiklərini bəyan ediblər. Onların proqnozlarına görə, yaxın gələcəkdə qiymətli metalları iki böyük risk gözləyir. Faiz dərəcələri təzyiqi: ABŞ Federal Ehtiyat Sisteminin (FED) 2027-ci ilin ilk yarısında faiz dərəcələrini yenidən artırmağa başlama ehtimalı dolları gücləndirərək gümüşü sıxışdıracaq.
Yaxın Şərqdəki hərbi-siyasi böhran tam həll olunana qədər birjalarda yüksək volatillik (dalğalanma) davam edəcək. Qlobal makroiqtisadi aktivlik daha da pisləşərsə, gümüşün sənaye istehlakı çökəcək və bu da qiymətlərdə daha ciddi və uzunmüddətli eniş riskini qaçılmaz edəcək.
MONETAR.AZ