Venesuelada əhali xilas yolunu rəsmi dollarlaşmada görür

Venesuelada əhali xilas yolunu rəsmi

Dünyanın ən ağır iqtisadi böhranlarından birini yaşayan Venesuelada əhali milli valyutanın (bolivar) tamamilə dəyərsizləşməsi qarşısında radikal addımların tərəfdarıdır. Bloomberg agentliyinin AtlasIntel sosioloji mərkəzinin son rəsmi rəy sorğusuna istinadən yaydığı məlumata görə, ölkə sakinlərinin yarıdan çoxu (57%-i) fəlakətli inflyasiyanı cilovlamaq üçün iqtisadiyyatın rəsmən dollarlaşdırılmasını (ABŞ dollarının rəsmi valyuta elan edilməsini) dəstəkləyir.

Sorğunun təfərrüatlarına görə, respondentlərin 31%-i dollarlaşmanı sadəcə dəstəklədiyini, daha 26%-i isə bu addımı "qətiyyətlə" müdafiə etdiyini bildirib. Bu təşəbbüsün əleyhinə və ya qəti şəkildə əleyhinə olanların ümumi payı isə cəmi 30% təşkil edib.

Venesuela Mərkəzi Bankının rəsmi makroiqtisadi hesabatları əhalinin niyə dollara sığındığını aydın göstərir. Ölkədə illik istehlak qiymətləri artımı (inflyasiya) cəmi bir ayın içində — apreldəki 475% səviyyəsindən fəlakətli 600%-ə yüksəlib.

 Qiymətlərin bu sürətlə artması onsuz da olduqca aşağı maaşlar, kəskin alıcılıq qabiliyyətinin itməsi və zəif əmək bazarından əziyyət çəkən venesuelalıların gündəlik sağ qalmaq mübarizəsini daha da ağırlaşdırır.

İqtisadiyyatın dollarlaşdırılması ideyasının bu dərəcədə populyarlaşması ölkədə baş verən köklü siyasi dəyişikliklərlə birbaşa bağlıdır. Uzun illər ölkəni idarə edən Nikolas Maduro hökumətinin devrilməsindən sonra Venesuela hazırda Vaşinqtonun güclü siyasi-iqtisadi təsiri altında olan və olduqca qeyri-sabit keçid dövrünü yaşayır.

Karakas (yeni administrasiya) və Vaşinqtonun sanksiyaları yumşaltmaq, iqtisadiyyatı xarici investisiyalar üçün yenidən açmaq istiqamətində birgə səylər göstərməsinə baxmayaraq, xalq artan xaosdan narazıdır. May ayında respondentlərin 79%-i ölkədəki mövcud iqtisadi vəziyyəti "pis" və ya "çox pis" kimi qiymətləndirib (bu, aprellə müqayisədə 2% çoxdur).

Bu ağır fonda, hazırda prezident səlahiyyətlərini icra edən Delsi Rodrigesə qarşı xalqın etimadsızlıq reytinqi kəskin şəkildə 59%-ə yüksəlib (aprel ayından bəri təxminən 12% artım).

MONETAR.AZ