Avropa Mərkəzi Bankından özəl kreditləşmə xəbərdarlığı

Avropa Mərkəzi Bankından özəl kreditləşmə

Avropa Mərkəzi Bankı (AMB) qlobal maliyyə sistemində sürətlə böyüyən özəl kreditləşmə (private credit) sektoru ilə bağlı mühüm hesabat yayımlayıb. Xüsusilə ABŞ bazarında First Brands və Tricolor kimi iri şirkətlərin defolt etməsi (öhdəliklərini yerinə yetirə bilməməsi) və yaranan gərginliklər fonunda, mərkəzi bank bu sektorun maliyyə sabitliyi üçün potensial risklər daşıdığını bəyan edib.

Özəl kreditləşmə bank sistemindən kənarda, adətən qeyri-bank fondları tərəfindən birbaşa şirkətlərə verilən borclardır. AMB-nin rəsmi təhlili göstərir ki, hazırda bu bazar ciddi struktur dəyişiklikləri və təzyiqlərlə üz-üzədir.

Avrozona maliyyə institutlarının özəl kreditləşmə bazarına birbaşa ekspozisiyası məhdud olaraq qalır. Ən böyük pay sığorta şirkətlərinə məxsusdur — təxminən 211 milyard avro və ya ümumi aktivlərin 2,3%-i. Pensiya fondlarının bu sektordakı investisiyaları 52 milyard avro təşkil edir ki, bu da onların aktivlərinin 1,4%-inə bərabərdir. Avrozona banklarının qlobal özəl kredit bazarına ümumi ekspozisiyası isə 62,5 milyard avro və ya aktivlərin 0,2%-i səviyyəsində qiymətləndirilir.

Avrozondan idarə olunan özəl kredit fondlarının ümumi aktivləri 100 milyard avroya çatıb. Bu sektor 2010-cu ildən bəri hər il orta hesabla 14% böyüsə də, ümumi həcminə görə hələ də ənənəvi dövlət istiqrazları və bank kreditləri bazarlarından xeyli geri qalır.

AMB ekspertlərini narahat edən əsas məqamlardan biri risklərin şaxələndirilməməsi və konkret sahələrdə cəmləşməsidir:

  • Sektor riski: Qlobal özəl kredit müqavilələrinin ən böyük alt-sektoru olan proqram təminatı (IT/software) sahəsində son dövrlərdə kredit keyfiyyətinin kəskin pisləşməsi müşahidə olunur.

  • Ödəniş qabiliyyətinin zəifləməsi: Yüksək faiz dərəcələri fonunda, özəl kreditlə maliyyələşən avrozona şirkətlərinin öz əməliyyat pul axınları (cash flow) hesabına faiz borclarını ödəmək qabiliyyəti son illərdə əhəmiyyətli dərəcədə zəifləyib.

ABŞ-da fəaliyyət göstərən yarımlikvid özəl kredit alətləri, xüsusilə də biznesin inkişafı şirkətləri (BDC), cari ilin (2026) əvvəlindən etibarən investorların kütləvi vəsait çıxarma (geriödəmə) tələbləri ilə qarşılaşıblar. Bu təzyiq qarşısında bəzi fondlar ödənişləri tam icra etsələr də, digərləri müqavilə şərtlərinə əsasən vəsait çıxarışına məhdudiyyətlər (qapılar / gates) tətbiq etmək məcburiyyətində qalıblar.

AMB bu gərginliyin Avropaya mümkün təsirlərini qiymətləndirmək üçün qlobal bir şok ssenarisini modelləşdirib. Qlobal özəl kredit bazarında kəskin bir krizis baş verərsə, Avrozona institutlarının (xüsusilə bankların) çəkəcəyi birbaşa itkilər məhdud olacaq. Bununla belə, bazar aktivlərinin yenidən qiymətləndirilməsi nəticəsində yaranacaq zəncirvari (ikinci dərəcəli) effektlər sığorta şirkətləri və pensiya fondları üçün ciddi maliyyə itkiləri formalaşdıra bilər.

Mərkəzi bank vurğulayır ki, mövcud şəraitdə özəl kreditləşmə sektoru təkbaşına avrozonanın maliyyə sabitliyini çökdürəcək gücdə deyil. Lakin bazarda şəffaflığın olmaması, yəni "məlumat çatışmazlığı" risklərin tam və dəqiq qiymətləndirilməsinə ən böyük maneədir. Bu səbəbdən AMB, Avropa İttifaqı (Aİ) səviyyəsində təcili olaraq vahid məlumat toplama və paylaşım mexanizmlərinin genişləndirilməsinə çağırış edib.

MONETAR.AZ