Ən hündür göydələnləri uğrunda yarış 

Ən hündür göydələnləri

Dünyanın ən hündür binası uğrunda rəqabət son yüz ildə memarlıq tarixinin ən diqqətçəkən yarışlarından birinə çevrilib. 1909-cu ildə inşa edilən Metropoliten Layf Qülləsi dünyanın ən hündür binası hesab olunurdusa, bu gün həmin rekord 828 metrlik Bürc Xəlifəya məxsusdur.

Araşdırmaya görə, XX əsrin böyük hissəsində dünyanın ən hündür binaları Nyu-Yorkda yerləşib. 1913-cü ildə Vulvört binası, 1930-cu ildə isə məşhur Kraysler binası rekord sahibi olub.

1931-ci ildə istifadəyə verilən Empayr Steyt binası isə 381 metr hündürlüyü ilə uzun illər dünyanın ən hündür göydələni statusunu qoruyub saxlayıb. Böyük Depressiya dövründə binada kirayəçilərin az olması səbəbindən ona “Boş Steyt binası” ləqəbi də verilmişdi.

1972-ci ildə Bir Dünya Ticarət Mərkəzi rekordu ələ keçirib. Daha sonra isə Çikaqoda tikilən Uillis qülləsi 442 metr hündürlüyü ilə dünyanın ən hündür binasına çevrilib.

1998-ci ildən sonra isə liderlik Asiyaya keçib. Petronas qüllələri ABŞ-dan kənarda rekord qıran ilk bina olub. Ardınca Taybey 101 və daha sonra Bürc Xəlifə dünyanın ən hündür binası statusunu qazanıb.

Hazırda dünyanın ən hündür binası olan “Bürc Xəlifə”nin hündürlüyü 828 metr təşkil edir. Bu bina 1909-cu ildə rekord sahibi olmuş “Metropoliten Layf Qülləsi”ndən təxminən 4 dəfə hündürdür.

Ekspertlər hesab edirlər ki, yaxın illərdə yeni rekordun Səudiyyə Ərəbistanında qeydə alınması mümkündür. Hazırda tikintisi davam edən Ciddə qülləsiın 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Təxminən 1000 metrdən çox hündürlüyə malik olacaq bu bina tamamlandıqdan sonra “Bürc Xəlifə”ni geridə qoyacaq ilk göydələn olacaq.

Müasir göydələn yarışı artıq təkcə memarlıq deyil, həm də iqtisadi güc, texnologiya və qlobal nüfuz göstəricisi hesab olunur.

MONETAR.AZ