Özbəkistan qızıl ixracını bərpa edib

Özbəkistan qızıl ixracını

Qlobal geosiyasi gərginliklərin əmtəə bazarlarına təsir etdiyi bir vaxtda, Mərkəzi Asiyanın ən böyük iqtisadiyyatlarından biri olan Özbəkistan strateji maliyyə gedişi edib. Dünyanın ən iri qızıl istehsalçılarından sayılan ölkə, yarımillik fasilədən sonra aprel ayında qiymətli metalın xaricə satışını tam şəkildə bərpa edib.

Özbəkistan Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən, cari ilin ilk 4 ayında qeyri-monetar qızıl ixracının ümumi dəyəri təxminən 1.5 milyard dollar təşkil edib. Ən diqqətçəkən məqam isə bu nəhəng satışın demək olar ki, hamısının məhz aprel ayında reallaşması olub.

İldə təxminən 130 ton qızıl istehsal edən Özbəkistan ötən ilin sentyabr ayından etibarən faktiki olaraq ixracı dayandırmışdı. Bu müddət ərzində ölkənin Mərkəzi Bankı qlobal bazarda ən iri qızıl alıcılarından birinə çevrilmişdi.

Rəsmi statistika da bu sakitliyi təsdiqləyir: yanvar və fevral aylarında qızıl ixracı tamamilə sıfır olub, martda isə cəmi 30 milyon dollarlıq simvolik satış qeydə alınıb. Lakin Mərkəzi Bankın mayın əvvəlinə olan hesabatları göstərir ki, aprel ayında dövlət ehtiyatlarından təxminən 100 min unsiya qızıl bazara çıxarılaraq satışlara start verilib.

Özbəkistan bu strateji addımı ABŞ–İsrail və İran arasındakı münaqişənin qlobal logistika və iqtisadiyyat üzərində ciddi təzyiqlər yaratdığı bir dönəmdə atıb. Regional şoklara qarşı kifayət qədər davamlılıq nümayiş etdirən Özbəkistan, qızılın birja qiymətlərinin rekord hədlərə — orta hesabla 4,800 dollar/unsiya səviyyəsinə yaxınlaşmasından maksimum yararlanmağı hədəfləyir. Qiymətli metal hazırda ölkə iqtisadiyyatı üçün həm əsas valyuta axını, həm də büdcə gəlirlərinin mühüm dayağı rolunu oynayır.

Özbəkistan Mərkəzi Bankı daxili bazardan qızıl alarkən iqtisadiyyata külli miqdarda milli valyuta (Sumi) buraxır və bu da birbaşa inflyasiya təzyiqi yaradır. Bunun qarşısını almaq üçün bank "neytrallıq prinsipi" tətbiq edir: daxili bazardakı artıq pul kütləsini sıxışdırıb çıxarmaq (sterilizasiya etmək) üçün qızıl ehtiyatlarının bir hissəsini məhz indi olduğu kimi xarici bazarlarda satır.

Xatırladaq ki, digər böyük istehsalçı ölkə olan Rusiya da büdcə sabitliyini qorumaq məqsədilə son aylarda qızıl ehtiyatlarının satış tempini əhəmiyyətli dərəcədə artırıb.

MONETAR.AZ