Geosiyasi qeyri-müəyyənlik mis, nikel və sinki ucuzlaşdırdı

Geosiyasi qeyri-müəyyənlik mis, nikel və sinki

Yaxın Şərqdə, xüsusilə Fars körfəzi regionunda hərbi gərginliyin yenidən alovlanması qlobal əmtəə birjalarına təsirini davam etdirir. Bloomberg agentliyinin yaydığı məlumata görə, ABŞ qüvvələrinin İrana qarşı endirdiyi yeni hərbi zərbələr və tərəflər arasında münaqişənin tam dayandırılması istiqamətində real irəliləyişin olmaması sənaye metallarının qiymətini aşağı salıb.

İnflyasiyanı sürətləndirən və qlobal iqtisadi artım tempini zəiflədən bu münaqişə fonunda, əlvan metallar son həftələrdə olduqca dar bir qiymət diapazonunda ticarət olunur.

London Metal Birjasında misin qiyməti 0,1% azalaraq ton üçün 13 515 dollara düşüb və ardıcıl üçüncü gündür geriləyir. Nikel 0,8% ucuzlaşaraq ton üçün 18 785 dollara, sink isə 0,3% enərək ton üçün 3 502 dollara düşüb.

Regionda hərbi vəziyyət mürəkkəb olaraq qalır. ABŞ hərbi hava qüvvələri İranın hərbi obyektinə zərbələr endirsə də, Vaşinqton rəsmiləri bu addımı sırf "müdafiə xarakterli" adlandırıblar. ABŞ nümayəndəsinin sözlərinə görə, Ağ Ev ötən ay qüvvəyə minmiş atəşkəs rejimini qorumaq niyyətindədir. Paralel olaraq, Küveyt də öz hava məkanında raket və pilotsuz uçuş aparatları (PUA) təhlükələrinin qarşısını uğurla aldığını bəyan edib.

Qiymət dəyişikliyi ilə yanaşı, mis bazarında logistik canlanma və narahatlıq müşahidə olunur. Treyderlər ABŞ-a tədarük etmək üçün yenidən dünyanın müxtəlif bölgələrindən təcili metal axtarışına başlayıblar.

Bu təlaşın əsas səbəbi ABŞ-ın tətbiq edə biləcəyi yeni idxal rüsumları ilə bağlı bazarda dolaşan spekulyasiyalardır. Analoji rüsum təhlükələri daha əvvəl də digər regionlardakı sənaye anbarlarında mis ehtiyatlarının sürətlə azalmasına səbəb olmuşdu.

MONETAR.AZ