Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan qısamüddətli təcili kredit mexanizmləri maliyyə sektorunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, bu təşəbbüs həm sosial həssas təbəqənin maliyyəyə çıxışını genişləndirəcək, həm də uzun illərdir mövcud olan qeyri-rəsmi kredit bazarını zəiflədəcək.
Beynəlxalq praktikada “payday loans” və ya “micro-loans” kimi tanınan qısamüddətli kreditlər aşağı məbləğli və təcili maliyyə ehtiyaclarının qarşılanması üçün istifadə olunur. Azərbaycanda da bu mexanizmin hüquqi çərçivəyə salınması bazarda mövcud boşluğun dövlət tərəfindən rəsmi şəkildə tanındığını göstərir.
Hazırda ənənəvi banklar 100–300 manat həcmində və 15–30 günlük kreditlərin verilməsində yüksək əməliyyat xərcləri səbəbindən maraqlı görünmür. Nəticədə təcili vəsaitə ehtiyacı olan şəxslər çox vaxt qeyri-rəsmi sələmçilərə və ya yüksək faizli qeyri-şəffaf borclanma modellərinə müraciət etməyə məcbur qalırlar.
Yeni mexanizmin əsas məqsədi məhz bu qeyri-rəsmi bazarı tənzimlənən və şəffaf maliyyə sisteminə inteqrasiya etməkdir.
Ekspertlər bildirirlər ki, proqram çərçivəsində “məsuliyyətli kreditləşmə” prinsipi əsas prioritet olacaq. Bu yanaşma çərçivəsində Mərkəzi Bank tərəfindən kredit faizlərinə və xidmət haqlarına limitlərin tətbiqi, gecikmə faizlərinin məhdudlaşdırılması və riskli borclanmanın qarşısını alan yeni skorinq qaydalarının hazırlanması gözlənilir.
Mütəxəssislərin fikrincə, xüsusilə gəliri zəif və ya artıq yüksək kredit yükü olan şəxslərə nəzarətsiz borclanmanın qarşısı alınacaq. Bu isə vətəndaşların “kredit tələsi” riskindən qorunmasına xidmət edəcək.
Yeni modelin əsas texnoloji dayaqlarından biri Açıq Bankçılıq (Open Banking) və e-KYC sistemləri olacaq. Kredit təşkilatları və fintex şirkətləri vətəndaşların gəlir, maaş və ödəniş məlumatlarını real vaxt rejimində analiz edərək saniyələr içində kredit qərarı verə biləcəklər. Vəsaitlərin birbaşa mobil pulqabılara və ya bank kartlarına köçürülməsi planlaşdırılır.
İqtisadçılar hesab edirlər ki, bu seqmentdə əsas fəaliyyəti Bank Olmayan Kredit Təşkilatları (BOKT) və elektron pul təşkilatları həyata keçirəcək. Dövlət Proqramında BOKT sektorunun aktivlərinin 1,5 milyard manata çatdırılması ilə bağlı müəyyən edilən hədəflərin də əsasən mikro-kredit bazarının genişlənməsi hesabına reallaşacağı gözlənilir.
Ekspertlərin qənaətinə görə, yeni yanaşma sadəcə kredit bazarının böyüməsi deyil, sosial ehtiyacı olan vətəndaşların təhlükəsiz, şəffaf və nəzarətli maliyyə alətlərinə çıxışının təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır.
MONETAR.AZ