Yaponiya avtomobil nəhəngi Mazda, yerli ayaqqabı brendi Spingle ilə strateji tərəfdaşlığını davam etdirərək həm sükan arxasında avtomobil idarə etmək, həm də gündəlik gəzinti üçün ideal olan yeni SP-MZD krossovka seriyasını rəsmən təqdim edib.
Eksklüziv olaraq yalnız Yaponiya daxili bazarı üçün istehsal edilən bu xüsusi ayaqqabının bir cütünün satış qiyməti 26 500 yen (təxminən 170 dollar) olaraq təyin edilib.
Yeni modelin vizual fəlsəfəsi və dizayn xətləri Mazda brendinin ən populyar krossoverlərindən biri olan Mazda CX-5-dən götürülüb. Krossovkalar idman və eleqant üslubu özündə birləşdirir. Ayaqqabılar iki fərqli rəng variantında, açıq bej və tam qara rəngdə satışa çıxarılıb. Bu çalarlar birbaşa Mazda CX-5 modelinin eksteryer (çöl) dizaynında istifadə olunan rəng çalarları ilə tam eynilik təşkil edir.
Krossovkaların istehsalında yüksək keyfiyyətli zamşa və xüsusi davamlılığı ilə seçilən təbii kenquru dərisindən istifadə olunub. Bu material ayaqqabının həm yüngül olmasını, həm də pedal idarəetməsi zamanı ayağın erqonomikasını qorumasını təmin edir.
Yeni seriyanın istehsal yeri də rəmzi məna daşıyır. "SP-MZD" krossovkalarının istehsalı Yaponiyanın Hiroşima şəhərində təşkil edilib. Qeyd edək ki, həm avtomobil istehsalçısı "Mazda"nın, həm də premium ayaqqabı brendi "Spingle"ın baş qərargahları və əsas fəaliyyət mərkəzləri məhz bu tarixi şəhərdə qərarlaşıb.
Bu, şirkətlərin ilk ortaq layihəsi deyil. Ötən il tərəfdaşlıq çərçivəsində Mazda-nın əfsanəvi rodsteri üslubunda hazırlanmış SP-MX5 krossovkaları işıq üzü görmüşdü. Ağ, mavi və parlaq qırmızı rənglərdə təqdim olunan həmin ilk seriya da avtomobil həvəskarları tərəfindən böyük maraqla qarşılanmışdı.

MONETAR.AZ