Qlobal süni intellekt (AI) bumunun rəhbəri hesab olunan NVIDIA korporasiyası texnologiya dünyasında yerini daha da möhkəmləndirəcək tarixi bir addım atıb. Şirkətin baş direktoru Censen Huanq bugün Taybeydə inşa olunacaq yeni Constellation kampusunu ictimaiyyətə təqdim edib. Təqdimat zamanı Tayvana yatırılacaq illik investisiya planlarının astronomik həddə çatdırılacağı bəyan olunub.
Tədbirdə rəsmi qonaq qismində iştirak edən Taybey meri Çan Van-an Censen Huanqa şəhərin simvolik açarını və xüsusi kalliqrafik yazını təqdim edib. Mer bütün dünyanın NVIDIA-nın süni intellektin gələcəyini necə formalaşdırdığını böyük maraqla izlədiyini vurğulayıb.
Censen Huanq açılış nitqində şirkətin Tayvandakı maliyyə fəaliyyətinin miqyasını rəqəmlərlə ifadə edərək kəskin artım tempinə diqqət çəkib. Cəmi 4–5 il əvvəl NVIDIA-nın Tayvandakı illik xərcləri 10–15 milyard dollar civarında idisə, süni intellekt çiplərinə olan kütləvi tələbat fonunda hazırda bu rəqəm 100 milyard dollara yüksəlib. Gələcək strategiyaya əsasən, Tayvana yönləndirilən illik investisiya həcminin rekord 150 milyard dollara çatdırılması planlaşdırılır (bu hədəfin konkret hansı illəri əhatə edəcəyi hələlik tam açıqlanmayıb).
Taybeyin şimalında yerləşən Beytou-Şilin texnoparkında qərarlaşacaq yeni kompleks həm arxitekturası, həm də strateji funksiyası ilə diqqət mərkəzindədir. Kampus təxminən 4 hektar meqa-ərazini əhatə edəcək və konsepsiya baxımından NVIDIA-nın Kaliforniyanın Santa-Klara şəhərindəki baş qərargahının vizual üslubunu təkrarlayacaq.
Kompleks ilkin mərhələdə 4 000 yüksəkixtisaslı mütəxəssis üçün nəzərdə tutulub. Mərkəz Asiya-Sakit okean regionunun ən böyük süni intellekt tədqiqat və inkişaf (R&D) qovşaqlarından birinə çevriləcək. İnfrastrukturun tikintisinə bu il start veriləcək, kampusun tam gücü ilə fəaliyyətə başlaması isə 2030-cu ilə planlaşdırılır.
Censen Huanq çıxışında gələcək texnoloji trendlərin əsasını təşkil edəcək “fiziki süni intellekt” (robototexnika və sənaye neyroşəbəkələri) konsepsiyasına da toxunub. O qeyd edib ki, Tayvandakı tərəfdaş sənaye şirkətləri NVIDIA platformalarının ağır istehsalat sahələrində yaratdığı rəqəmsal inqilabdan maksimum faydalana biləcəklər.
Strateji əlaqələrin gücləndirilməsi çərçivəsində, çərşənbə axşamı axşam saatlarında dünyanın ən böyük yarımkeçirici istehsalçısı olan TSMC şirkətinin rəhbəri C. C. Vey (C. C. Wei) Taybeydə Censen Huanq və NVIDIA-nın top-menecment heyəti ilə qapalı işgüzar görüş keçirib. Bu görüş iki nəhəng arasında yeni nəsil AI arxitekturalarının istehsalı ilə bağlı növbəti mərhələnin anonsu kimi qiymətləndirilir.
Kampus təkcə mühəndislər üçün qapalı məkan olmayacaq. Huanq, brend həvəskarları üçün kampus daxilində geniş kütləyə və turistlərə açıq olacaq rəsmi NVIDIA Gear Store mağazasının fəaliyyət göstərəcəyini də müjdələyib.
MONETAR.AZ