Samsung Galaxy Z Fold 8 modellərinin adlarını dəyişdirir

Samsung Galaxy Z Fold 8 modellərinin

Məşhur və etibarlı texnologiya insayderi Ice Universe-in yaydığı son məlumata görə, Cənubi Koreya texnoloji nəhəngi “Samsung Electronics” qatlanan smartfon bazarındakı adlandırma (nomenklatura) strategiyasını kökündən dəyişməyə hazırlaşır.

Şirkətin bu ilin iyul ayında keçiriləcək irimiqyaslı "Galaxy Unpacked" tədbirində iki fərqli "kitab forması"nda (üfüqi) qatlanan cihaz təqdim edəcəyi artıq dəqiqdir. Lakin bu cihazların adları və yer aldığı seqmentlər hamını təəccübləndirə bilər.

Texnologiya dünyasında indiyədək hamı elə hesab edirdi ki, Samsung standart ölçülü modelini Galaxy Z Fold 8, daha geniş ekrana və korpusa malik variantını isə Galaxy Z Fold 8 Wide adlandıracaq. Lakin yeni sızıntılar tam fərqli mənzərəni ortaya qoyur. Əvvəllər daha geniş korpuslu və nisbətən sadələşdirilmiş parametrləri olacağı deyilən "Wide" modeli, rəsmi olaraq sadəcə Galaxy Z Fold 8 (baza versiya) adını alacaq. Texniki göstəriciləri daha üstün olan əsas variant isə flaqman statusunu vurğulamaq üçün Galaxy Z Fold 8 Ultra adı ilə satışa çıxarılacaq.

İnsayderlərin sızdırdığı məlumatlara görə, adlandırmadakı bu fərqlilik smartfonların birbaşa aparat təminatı (hardware) və kamera imkanları ilə bağlıdır. Məhz daha güclü batareya və peşəkar üçlü kamera dəsti Samsung-u kompakt modelin sonuna "Ultra" ifadəsini əlavə etməyə sövq edib. Bu addım həm də istifadəçilərə hansı cihazın daha üstün flaqman olduğunu vizual olaraq anlamağa kömək edəcək.

Samsung azarkeşlərinin çox gözləməsinə ehtiyac qalmayacaq. "Samsung Electronics" şirkətinin yeni nəsil qatlanan smartfonlarının rəsmi qlobal təqdimat mərasiminin 22 iyul 2026-cı il tarixində London şəhərində keçiriləcəyi gözlənilir. Tədbirdə yeni Fold seriyası ilə yanaşı, şaquli qatlanan "Flip" modelinin və yeni nəsil Galaxy daxili ağıllı cihazlarının da nümayişi planlaşdırılır.

MONETAR.AZ