ABŞ administrasiyası strateji texnologiya sektorlarında dövlət kapitalizmini və birbaşa müdaxilə siyasətini yeni səviyyəyə qaldırıb. Ötən həftə ABŞ Ticarət Departamenti CHIPS və Elm Aktı çərçivəsində kvant hesablamaları sahəsində fəaliyyət göstərən 9 qabaqcıl şirkətə ümumilikdə 2 milyard dollar həcmində qrant ayırdığını rəsmən elan edib.
Bu sövdələşmələrin ən diqqətçəkən tərəfi odur ki, ABŞ hökuməti ayrılan maliyyə müqabilində həmin şirkətlərdə minoritar (nəzarətçi olmayan) səhm payları əldə edir. Beləliklə, kvant texnologiyaları yarımkeçiricilər (Intel), polad sənayesi (US Steel), nüvə energetikası (Westinghouse) və nadir torpaq metallarından (MP Materials) sonra ABŞ dövlət investisiya portfelinin ən strateji sütununa çevrilir.
Vaşinqton bu addımları təkcə milli təhlükəsizlik və kiber-müdafiə xətti kimi deyil, həm də "vergi ödəyicilərinin vəsaitlərinin gəlirliliyini artırmaq" strategiyası kimi təqdim edir. Dövlətin flaqman şirkətlərin səhmdarına çevrilməsi siyasəti maliyyə baxımından özünü doğrultmaqdadır.
ABŞ hökumətinin keçən il Intel şirkətinin 10%-lik səhm payını almasından sonra, şirkətin səhmləri rekord səviyyəyə yüksəlib və dövlət büdcəsinə 40 milyard dollardan çox reallaşdırılmamış mənfəət qazandırıb. ABŞ Prezidenti Donald Tramp bu uğuru şərh edərək sosial şəbəkədə: “ABŞ xalqını belə uğurlu investisiya münasibətilə təbrik edirəm” deyə bəyanat yayıb.
Kvant paketi üzrə aslan payı ABŞ-da ilk dəfə sırf bu sahəyə ixtisaslaşmış nəhəng zavodun qurulmasına xərclənəcək:
-
IBM və "Anderon" layihəsi (1 milyard dollar): İnvestisiyanın tam yarısı IBM-in Nyu-Yorkun Albani şəhərində yaradılacaq yeni törəmə müəssisəsi — "Anderon" üçün ayrılıb. IBM özü də bura əlavə 1 milyard dollar nağd vəsait qoyacaq. Nəticədə 2 milyardlıq büdcə ilə ABŞ-da ilk dəfə kommersiya məqsədli 300 mm-lik xüsusi kvant çip zavodu (foundry) qurulacaq.
-
GlobalFoundries (375 milyon dollar): ABŞ hökuməti bu nəhəng çip istehsalçısına irihəcmli kvant prosessorlarının istehsal xətlərini qurmaq üçün vəsait ayırıb və qarşılığında şirkətdə təxminən 1% pay alıb.
-
Digər strateji şirkətlər (Hər birinə 100 milyon dollar):
-
D-Wave Quantum
-
Rigetti Computing
-
Infleqtion
-
PsiQuantum (Tramp ailəsinə yaxın vençur fondlarının da sərmayə qoyduğu şirkət)
-
Atom Computing və Quantinuum
-
-
Diraq (38 milyon dollar): Silikon-spin texnologiyaları üzrə ixtisaslaşan startap nisbətən kiçik qrant paketi ilə təmin olunub.
Dövlət dəstəyi və rəsmi şəriklik xəbərləri elan olunan kimi rəqəmsal və sənaye birjalarında partlayış effekti yaranıb. Sövdələşmənin mərkəzində dayanan IBM səhmləri dərhal 7% bahalaşıb. Dövlət qrantı siyahısında yer alan digər kiçik həcmli kvant şirkətlərinin (D-Wave, Rigetti və s.) səhmləri isə cəmi bir iş günü ərzində 20%-ə qədər fantastik yüksəliş nümayiş etdirib.
ABŞ kəşfiyyatı və ticarət rəsmiləri kvant hesablamalarının 2040-cı ilə qədər qlobal iqtisadiyyatda 850 milyard dollarlıq dəyər yaradacağını proqnozlaşdırırlar. Hökumətin bu sahədə pay sahibi olması, gələcək super-kompüterlər və şifrələmə texnologiyalarında qlobal liderliyin Çinə ötürülməməsi üçün atılan ən radikal iqtisadi addımdır.
MONETAR.AZ