Dünyanın ən böyük ərzaq ixracatçısı ölkələrinin siyahısı açıqlanıb. Məlumata görə, qlobal kənd təsərrüfatı ixrac bazarının böyük hissəsi məhdud sayda ölkənin nəzarətindədir.
Araşdırmaya əsasən, ilk 10 ölkə dünya üzrə kənd təsərrüfatı məhsulları ixracının təxminən yarısını təmin edir. Qlobal ərzaq ixrac bazarının ümumi həcmi isə 1,5 trilyon ABŞ dolları dəyərində qiymətləndirilir.
Siyahıya Amerika Birləşmiş Ştatları liderlik edir. ABŞ 2024-cü ildə 181,3 milyard dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edərək dünya bazarının 12,1 faizinə sahib olub.
İkinci yerdə Braziliya qərarlaşıb. Bu ölkənin ərzaq ixracı 144,4 milyard dollar təşkil edib. İlk üçlüyü isə 74,8 milyard dollarlıq ixrac göstəricisi ilə Çin tamamlayıb.
Reytinqdə növbəti yerləri Kanada, Meksika, İndoneziya, Avstraliya, Hindistan, Tailand və Fransa tutur.
Məlumata görə, Amerika qitəsi qlobal ərzaq ticarətinin əsas mərkəzi hesab olunur. ABŞ, Braziliya, Kanada və Meksika birlikdə dünya kənd təsərrüfatı ixracının təxminən 30 faizini təmin edir. Bu ölkələr taxıl, ət, yağlı bitkilər və emal olunmuş ərzaq məhsullarının əsas təchizatçılarıdır.
Hesabatda qeyd olunur ki, dünyanın ən böyük kənd təsərrüfatı istehsalçısı olan Çin ixrac üzrə ABŞ və Braziliyadan geri qalır. Buna səbəb ölkədə istehsal olunan məhsulların böyük hissəsinin daxili istehlaka yönəldilməsidir.
Eyni zamanda, Niderland kimi kiçik ölkələr də yüksək texnologiyalı kənd təsərrüfatı və logistika imkanları hesabına qlobal bazarda mühüm mövqeyə malikdir. Niderland dünyanın 11-ci ən böyük ərzaq ixracatçısı hesab olunur.
Ekspertlər bildirirlər ki, daşınma xərclərinin artması, enerji qiymətləri və geosiyasi gərginliklər səbəbindən ərzaq ixracı artıq strateji üstünlük hesab edilir. Bu baxımdan iri ixracatçı ölkələrin qlobal ərzaq təhlükəsizliyində rolu daha da artır.