"Dünyanın fabriki" qocalır: Çində tarixi təhlükə və bizim üçün dərs olası reallıq

"Dünyanın fabriki" qocalır: Çində tarixi təhlükə və bizim üçün

Uzaq Şərqdən gələn son statistik məlumatlar bütün dünyada, xüsusilə də bizim kimi ailə institutuna həssas yanaşan cəmiyyətlərdə ciddi rezonans doğurub. İkinci Dünya müharibəsindən (1949-cu ildən) bəri ilk dəfə olaraq Çində qocaların sayı uşaqların sayını rəsmən üstələyib.

1,4 milyardlıq nəhəng dövlət indi çox ciddi bir sual qarşısındadır: "Fabriklərdə kim işləyəcək və bu qədər qocaya kim baxacaq?"

Aparılan son ümummilli araşdırmanın nəticələri rəqəmlərin dilində belə ifadə olunur:

  • Ağsaqqallar və ağbircəklər (65+ yaş): Ölkə əhalisinin 15,87%-ni təşkil edir.

  • Gələcəyimiz olan uşaqlar (0-14 yaş): Cəmi 15,25%-də qalıb.

Uzun illər boyu Çində tətbiq edilən "bir ailəyə bir uşaq" qadağası və müasir gənclərin karyera naminə gec evlənməsi, yaxud ümumiyyətlə ailə qurmamaq istəyi bu gün ölkəni demoqrafik quyunun kənarına gətirib.

Çin mədəniyyətini bizim cəmiyyətə yaxınlaşdıran ən mühüm faktor ailə dəyərləridir. Çində də, Azərbaycanda olduğu kimi, qocalmış valideynə baxmaq dövlətin yox, birbaşa övladın mənəvi borcu sayılır. Lakin rəsmi hesabat göstərir ki, artıq bu sistem işləmir. Çində ailələrin tərkibi günü-gündən kiçilir. Əvvəllər bir evdə 3 nəsil birgə yaşayırdısa, indi gənclər tək yaşamağa üstünlük verir. Nəticədə, yaşlı qohumlara ev daxilində qayğı göstərilməsi ənənəsi fiziki olaraq qeyri-mümkün hala gəlir.

Bu vəziyyət həm dövlətin pensiya fonduna ağır yük salır, həm də qocalar evlərinə və sosial xidmətlərə olan tələbatı pik həddə çatdırır.

Azərbaycan üçün bəlkə də ən maraqlı məqam Çinin iqtisadi gücünün zəifləməsidir. Çini "dünyanın fabriki" edən onun ucuz və bol işçi qüvvəsi idi. İndi isə vəziyyət acınacaqlıdır: 15-59 yaş arası əmək qabiliyyətli əhalinin payı 61,89%-ə düşüb. Cəmi 10 il əvvəl bu rəqəm 67,33% idi. İşləyən əhalinin kəskin azalması yaxın gələcəkdə qlobal bazarlarda Çin mallarının bahalaşmasına və istehsalat böhranına yol aça bilər.

Çinin üzləşdiyi bu böhran əslində urbanizasiya (kəndlərdən şəhərlərə axın) və müasirləşmə yolunda olan hər bir ölkə, o cümlədən Azərbaycan üçün xəbərdarlıqdır. Ölkəmizdə də gənc ailələrin bir və ya maksimum iki uşaqla kifayətlənməsi, yaşlı nəslin ümumi əhalidəki payının tədricən artması gələcəkdə analoji sosial və iqtisadi çağırışların bizdə də yaşana biləcəyindən xəbər verir. Ekspertlər hesab edirlər ki, vaxtında demoqrafik stimullaşdırma proqramları (çoxuşaqlı ailələrə dəstək, gənc ailələrə güzəştlər) həyata keçirilməsə, eyni aqibəti digər inkişaf etməkdə olan ölkələr də yaşayacaq.

MONETAR.AZ