“Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi əsas istiqamətlərdən biri olacaq.
Prezidentin təsdiqlədiyi sənədə əsasən, kredit və kredit xətti olan mikro, kiçik və orta biznes subyektlərinin payının 36 faizə çatdırılması planlaşdırılır. Bununla yanaşı, girov tələblərinin yumşaldılması və alternativ kredit skorinqi mexanizmlərinin tətbiqi nəzərdə tutulur.
İqtisadçılar bildirirlər ki, yeni yanaşma girov imkanları məhdud olan startaplar və mikro sahibkarlar üçün maliyyəyə çıxışı asanlaşdıracaq. Dövlət Proqramında bank olmayan kredit təşkilatlarının fəaliyyətinin genişləndirilməsi də xüsusi yer tutur.
Mütəxəssislərin fikrincə, bu addımlar regionlarda sahibkarlığın inkişafına və qeyri-neft sektorunun genişlənməsinə əlavə stimul verəcək.
MONETAR.AZ