Aviasiya yanacağının qiymətinin müharibənin başlanmasından bəri təxminən 70% artmasına baxmayaraq, Avropa aviaşirkətləri hələ ki uçuş tutumlarını gözlənildiyindən daha az ixtisar ediblər. Lakin beynəlxalq araşdırma şirkəti Bernstein-in analitikləri xəbərdarlıq edirlər ki, bu "dözümlülük" müvəqqətidir və qış mövsümündə reyslərin kütləvi şəkildə azaldılması riski qaçılmazdır.
Ekspertlər qış aylarında aviasiya sektorunun üzərinə düşəcək təzyiqin arxasında iki fundamental səbəb görürlər.
Aviasiya sənayesində gəlirlilik kəskin şəkildə mövsümi xarakter daşıyır. Yay aylarında turist axınının və tələbin pik həddə çatması vahid gəlirləri sürətlə yüksəldir. Bu dövrdə təyyarələrdən və aktivlərdən maksimum səmərəli istifadə olunduğu üçün, yanacaq baha olsa belə, yay reysləri özünü doğruldur və marja azalsa da rentabelli (mənfəətli) qalır.
Lakin qışda vəziyyət tamamilə dəyişir. Qış aylarında sərnişin axını seyrəlir, bu isə vahid gəlirləri aşağı salır. Yanacaq xərcləri yüksək qaldığı halda bilet satışlarının azalması bəzi qış reyslərini tamamilə zərərli formata salır. Yay mənfəəti artıq bu zərərləri kompensasiya edə bilməyəcək həddə düşür.
Aviaşirkətləri bu günə qədər qoruyan əsas maliyyə qalxanı yanacaq hedcinqi (qiymət riskindən sığortalanma) müqavilələri olub. Avropa daşıyıcıları adətən xərcləri tarazlaşdırmaq üçün 18 aylıq hedcinq paketləri toplayırlar.
Hedcinq törəmə maliyyə aləti olduğu üçün yanacağın real bazar (spot) qiymətini ucuzlaşdırmır. Lakin o, şirkətlər üçün bir növ "təhlükəsizlik yastığı" formalaşdırır və onlara strateji əhəmiyyət kəsb edən, lakin zərərlə işləyən bəzi uçuşları davam etdirməyə imkan verir.
Problem burasındadır ki, müharibədən əvvəl bağlanmış ucuz hedcinq müqavilələrinin müddəti qışa doğru tamamilə başa çatır. Bu yastıq zəiflədikcə, şirkətlər baha yanacağı birbaşa spot bazardan almaq məcburiyyətində qalacaqlar.
Analitiklərin fikrincə, reyslərin ixtisarı qlobal uçuşlardan ziyada, əsasən qısa və orta məsafəli daxili/regional reyslərə təsir göstərəcək. Çünki bu istiqamətlərdə əməliyyat xərcləri çox dəyişkən, mənfəət marjası isə olduqca aşağıdır.
Hazırda aviaşirkətlər bazardakı paylarını itirməmək üçün diş-dırnaqla mübarizə aparırlar. Lakin yanacaq qiymətləri enməsə və ya inflyasiya fonunda sərnişinlərin bilet almaq qabiliyyəti zəifləyərsə, maliyyə təməli zəif olan şirkətlər uçuşları dayandırmağa, hətta iflas edərək bazarı tərk etməyə məcbur olacaqlar.
Bu böhranlı vəziyyətdən isə güclü əməliyyat strukturuna və dözümlü nağd pul balansına malik olan nəhənglər — "Ryanair" və "International Airlines Group" (IAG) kimi aviaşirkətlər rəqiblərinin sıradan çıxması hesabına daha da güclənərək çıxacaqlar.
MONETAR.AZ