Azərbaycanda Məhərrəm ayı iyunun 16-da başlayacaq, Aşura günü isə iyunun 25-nə təsadüf edəcək.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yaydığı məlumata görə, Məhərrəm və Səfər aylarında keçirilən təziyə mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq və sağlamlığa zərər vuran digər hərəkətlər din baxımından qəbuledilməz hesab olunur.
Bildirilib ki, dini mərasimlər qanunvericiliyin tələblərinə uyğun olaraq məscidlərdə, ziyarətgahlarda və onlara aid ərazilərdə keçirilməlidir.
Məlumatda qeyd olunub ki, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə zidd şüarların səsləndirilməsi, dövlət rəmzlərinə uyğun olmayan atributlardan istifadə, küçə yürüşlərinin təşkili və ictimai asayişin pozulmasına yol verilmir.
QMİ Məhərrəmlik dövründə ənənəvi qanvermə aksiyalarının da təşkil olunacağını açıqlayıb. Vətəndaşlar İmam Hüseynin (ə) və şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq qan banklarının paytaxt və bölgələrdəki filiallarında, eləcə də digər tibb müəssisələrində könüllü qan verə biləcəklər.
MONETAR.AZ