İlham Əliyev: “Müstəqillik Günü hər bir azərbaycanlı üçün çox əziz bayramdır"

İlham Əliyev: “Müstəqillik Günü hər bir azərbaycanlı üçün

“Müstəqillik böyük nemət, böyük nailiyyətdir. Ancaq həqiqi müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin. Azərbaycan da belə ölkələr sırasındadır”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşa rayonunun Böyük Qaladərəsi kənd sakinləri ilə görüşündə səsləndirib.

“Bu gün dünyada təxminən 200 müstəqil dövlət var. Ancaq onların hamısını həqiqətən müstəqil hesab etmək olmaz. Biz sözün əsl mənasında müstəqil dövlətik. Çünki öz taleyimizi özümüz həll edirik, siyasətimizi heç kimə baxmadan, xalqın və dövlətin maraqları naminə, milli maraqların qorunması əsasında həyata keçiririk”, — deyə dövlət başçısı bildirib.

İlham Əliyev qeyd edib ki, həm 2020-ci il, həm də 2023-cü il Azərbaycanın şanlı Qələbə illəridir və xalq bu zəfərlə əbədi fəxr edəcək.

“Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimiz altındadır”, — deyə o vurğulayıb.

“Siyasi suverenlik və ərazi bütövlüyü tam bərpa olunub. Əldə edilən sülh bizim şərtlərimiz əsasında təmin olunub”, — deyə Prezident bildirib.

İlham Əliyev əlavə edib ki, Azərbaycanın şanlı Qələbəsindən sonra 28 May – Müstəqillik Gününü azad edilmiş torpaqlarda qeyd etmək artıq ənənəyə çevrilib.

“Mən hesab edirəm ki, bu, ən düzgün seçimdir”, — deyə dövlət başçısı bildirib.

Prezident vurğulayıb ki, Müstəqillik Günü hər bir azərbaycanlı üçün çox əziz bayramdır.

“Bu gün biz qalib xalq və qalib dövlət kimi rahat yaşayırıq. Bu, böyük qürur mənbəyidir”, — deyə İlham Əliyev qeyd edib.

Dövlət başçısı əlavə edib ki, qısa müddət ərzində genişmiqyaslı tikinti və bərpa işləri həyata keçirilib:

“Bütün bunlar insanların tezliklə geri qayıtması, burada rahat, təhlükəsiz və komfortlu yaşaması üçündür. İnsanlar qurub-yaratsınlar, övlad böyütsünlər, yaşlıların qayğısına qalsınlar və həyatdan zövq alsınlar”.