Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində son vaxtlar baş vermiş güclü leysan yağışları və sel suları nəticəsində yaranan fəsadların aradan qaldırılması istiqamətində genişmiqyaslı bərpa və təmir işləri həyata keçiriləcək. Görüləcək tədbirlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən icra olunacaq və əsasən su təsərrüfatı, meliorasiya sistemləri, kanalizasiya kollektorları və nasos stansiyalarını əhatə edir.
Su və meliorasiya sahəsində Şabran rayonunda Vəlvələçay–Taxtakörpü kanalının Dəvəçiçay ilə kəsişən hissəsində 3400 mm-lik metal dukerin və körpü dayaqlarının bərpası, həmçinin Dəvəçiçayda mühafizə bəndinin tikilməsi nəzərdə tutulur. Eyni zamanda kanalın müəyyən hissələrində baş vermiş torpaq sürüşmələrinin aradan qaldırılması və terrasların yaradılması, eləcə də Şabrançay və Dəvəçiçayda sahil mühafizə tədbirlərinin görülməsi planlaşdırılır. Xızı rayonunda Taxtakörpü–Ceyranbatan kanalının müxtəlif keçidlərində yaranmış yuyulmaların bərpası, Xaçmaz rayonunda isə Xanarx kanalında dağılan beton üzlüklərin yenilənməsi və Qusarçay, Qaraçay boyunca sahil bəndlərinin qurulması həyata keçiriləcək. Abşeron rayonunda içməli su və kanalizasiya sistemlərində yaranmış qəzalı vəziyyətin aradan qaldırılması, Ağsu rayonunda Ağsuçay üzərində beton bəndlərin tikintisi, Quba və Astara rayonlarında isə çay sahillərinin möhkəmləndirilməsi üçün daş-beton mühafizə bəndlərinin inşası nəzərdə tutulur.
Kanalizasiya kollektorları üzrə tədbirlər əsasən Bakı şəhərində, xüsusilə Xətai, Nizami, Sabunçu və Binəqədi rayonlarında həyata keçiriləcək. Günəşli kollektorunda, Zeytun Sovxozu küçəsində, R.Bağırov və digər ünvanlarda müxtəlif diametrli kollektor xətlərində baş vermiş çökmələrin aradan qaldırılması və xəttlərin bərpası planlaşdırılır. Eyni zamanda 8 Noyabr prospekti və Keşlə yağış kollektorunda da qəza nöqtələrinin təmiri aparılacaq. Sumqayıt şəhərində də bir sıra kollektor xətləri və baxış quyularında yaranmış çökmələrin aradan qaldırılması nəzərdə tutulur. Nizami rayonu və Binəqədi rayonu ərazilərində də kanalizasiya sistemlərinin bərpası istiqamətində işlər aparılacaq.
Bundan əlavə, kanalizasiya-nasos stansiyaları üzrə də geniş bərpa tədbirləri həyata keçiriləcək. Binəqədi rayonu, Sabunçu rayonu, Abşeron rayonu, Qaradağ rayonu və Nərimanov rayonu ərazilərində yerləşən müxtəlif saylı kanalizasiya nasos stansiyalarında nasos aqreqatlarının, elektrik mühərriklərinin və idarəetmə sistemlərinin bərpası və yenilənməsi həyata keçiriləcək.
MONETAR.AZ