ABŞ Prezidenti Donald Tramp İranla bağlı son vəziyyəti müzakirə etmək üçün milli təhlükəsizlik komandası ilə görüş keçirib.
Bu barədə Ağ Ev-in mətbuat katibi Karolayn Levitt Vaşinqtonda keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, görüş zamanı İran ətrafında baş verən son hadisələr və mümkün addımlar müzakirə olunub. Mətbuat katibi bildirib ki, iclasın detalları ilə bağlı açıqlamanı birbaşa Prezident Tramp verəcək.
Karolayn Levitt həmçinin İranın Hörmüz boğazı ilə bağlı irəli sürdüyü iddia edilən təkliflərə münasibət bildirərək vurğulayıb ki, ABŞ rəhbərliyinin İranla bağlı “qırmızı xətləri” açıq şəkildə bəyan olunub. O qeyd edib ki, Vaşinqton İranın nüvə silahına malik olmasına imkan verməyəcək.
Brifinqdə ABŞ ilə İran arasında gərginliyin davam etdiyi diqqətə çatdırılıb. Bununla yanaşı, Hörmüz boğazında vəziyyətlə bağlı suallar cavabsız saxlanılıb və mövzu üzrə açıqlamanın Pentaqon tərəfindən veriləcəyi bildirilib.
Mətbuat katibi çıxışında daxili siyasi məsələlərə də toxunaraq, Prezident Trampa qarşı son illərdə bir neçə sui-qəsd cəhdinin edildiyini iddia edib və siyasi zorakılığı pisləyib.
Qeyd olunub ki, ABŞ-da siyasi ritorikada gərginliyin azaldılması vacibdir və bütün tərəflər məsuliyyətli davranmalıdır.
MONETAR.AZ