Dünyanın ən güclü dəniz şəhərləri

Dünyanın ən güclü

2026-cı ildə dünyanın 5 böyük regionu üzrə aparıcı dəniz şəhərləri müəyyənləşdirilib. Siyahıda Amerika qitəsini Nyu-York, Avropanı London, Şərqi Asiyanı Şanxay, Cənubi və Cənub-Şərqi Asiya ilə Okeaniyanı Sinqapur, Yaxın Şərq və Afrikanı isə Dubay təmsil edib.

Monetar.az xəbər verir ki, bu nəticələr 2026-cı il Dünya üzrə Aparıcı Dəniz Şəhərləri İndeksinə əsaslanır.

Araşdırmada ümumilikdə 50 şəhər 48 göstərici üzrə qiymətləndirilib. Reytinqin hazırlanmasında gəmiçilik, dəniz nəqliyyatı maliyyəsi və hüququ, dəniz texnologiyaları, limanlar və logistika, eləcə də şəhərlərin cəlbediciliyi və rəqabət qabiliyyəti əsas meyarlar kimi götürülüb.

Dubay Yaxın Şərqin ən yüksək mövqeyə malik dəniz şəhəri olmaqla yanaşı, bir sıra qlobal göstəricilərdə də fərqlənib. Şəhər dənizçilik şirkətlərinin baş ofislərinin yerləşdirilməsi üçün dünyada ikinci ən əlverişli məkan hesab edilib. Bundan əlavə, beş il ərzində dənizçilik sektoruna liderlik edəcəyi gözlənilən şəhərlər arasında üçüncü yerdə qərarlaşıb.

Dubay liman və logistika mərkəzi kimi dünyada dördüncü, cəlbedicilik və rəqabət qabiliyyəti üzrə isə altıncı yerdə qərarlaşıb. Sonuncu göstərici üzrə şəhər əvvəlki qiymətləndirmə ilə müqayisədə doqquz pillə irəliləyib.

Qlobal reytinqdə isə Sinqapur birinci yerini qoruyub. Şanxay ikinci, London üçüncü, Rotterdam dördüncü, Tokio isə beşinci olub. Beləliklə, ilk beşlikdə Asiya şəhərlərinin sayı 3-ə çatıb.