Hər il noyabrın 26-da Ümumdünya Zeytun Ağacı Günü qeyd olunur. Bu gün zeytun ağacının mədəni, tarixi və ekoloji əhəmiyyətini, eləcə də sülh, müdriklik və harmoniyanın rəmzi kimi rolunu ön plana çıxarır.
Monetar.az xəbər verir ki, Ümumdünya Zeytun Ağacı Günü 2019-cu ildə UNESCO-nun 40-cı Baş Konfransında elan edilib.
Zeytun ağacı, xüsusilə onun budağı qədim dövrlərdən bəri sülhün, müdrikliyin və harmoniyanın simvolu hesab olunur. Bu ağaclar yalnız yetişdiyi ölkələr üçün deyil, dünyanın müxtəlif bölgələrində yaşayan insanlar və icmalar üçün də mühüm mədəni məna daşıyır.
UNESCO bu əlamətdar gün münasibətilə zeytun ağacının əhəmiyyəti barədə məlumatlılığın artırılmasını və beynəlxalq təcrübə mübadiləsini təşviq edir. Bu məqsədlə müzakirələrin, konfransların, seminarların, mədəni tədbirlərin, təqdimat və sərgilərin keçirilməsi tövsiyə olunur.
Ümumdünya Zeytun Ağacı Günü həm də zeytun ağacının qorunmasının, onun tarixi irsinin gələcək nəsillərə çatdırılmasının və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayır.