Dünyada süni intellektə 2,67 trilyon dollar xərclənəcək

Dünyada süni intellektə

2026-cı ildə dünyada süni intellekt texnologiyalarına çəkilən xərclərin 2,67 trilyon dollara çatacağı proqnozlaşdırılır. Bu vəsaitin yarıdan çoxunun məlumat mərkəzləri, süni intellekt çipləri, serverlər və bulud hesablama sistemlərinin inkişafına sərf ediləcəyi gözlənilir.

Monetar.az xəbər verir ki, Gartner-in 2026-cı il üzrə proqnozları əsasında hazırladığı araşdırmaya görə, qlobal süni intellekt xərcləri 2025-ci illə müqayisədə təxminən 50% artacaq.

Proqnoza əsasən, ən böyük xərc istiqaməti süni intellekt infrastrukturu olacaq. Bu sahəyə ayrılacaq vəsaitin 1 trilyon 484 milyard dollar təşkil edəcəyi gözlənilir. Bu, ümumi xərclərin təxminən 55,6%-nə bərabərdir.

İkinci yerdə 576,5 milyard dollarla süni intellekt xidmətləri qərarlaşıb. Proqram təminatına 461,6 milyard dollar, kibertəhlükəsizliyə isə 51,3 milyard dollar xərclənəcəyi proqnozlaşdırılır.

Digər istiqamətlər üzrə gözlənilən xərclər belədir:

  • Süni intellekt agentləri və köməkçiləri - 29,2 milyard dollar;
  • Generativ süni intellekt modelləri - 28,3 milyard dollar;
  • Məlumat elmi və maşın öyrənməsi platformaları - 26,4 milyard dollar;
  • Süni intellekt tətbiqlərinin hazırlanması platformaları - 9,5 milyard dollar.

Araşdırmanın diqqətçəkən məqamlarından biri generativ süni intellekt modellərinə ayrılan vəsaitin ümumi xərclərdəki payının cəmi 1% ətrafında olmasıdır. Süni intellekt agentləri və köməkçiləri ilə birlikdə bu iki istiqamətin payı təxminən 2%-ə çatır.

Beləliklə, qlobal süni intellekt bazarında əsas maliyyə axını birbaşa istifadəçilərin qarşılıqlı əlaqədə olduğu modellərdən daha çox, həmin texnologiyaların işləməsini təmin edən infrastruktur, proqram təminatı və xidmətlərə yönəlir.