Avropanın 6 ölkəsində dövlət borcu ÜDM-i keçib

Avropanın 6 ölkəsində

Avropada dövlət borcunun iqtisadiyyata nisbəti üzrə ən yüksək göstərici Yunanıstanda qeydə alınıb. 2026-cı ilin ikinci rübünə aid məlumatlara görə, ölkənin dövlət borcu ÜDM-in 140,8%-nə bərabərdir. İtaliya 139,9%-lə ikinci, Fransa isə 119,1%-lə üçüncü yerdə qərarlaşıb.

Monetar.az xəbər verir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsi və İsveçrə Federal Maliyyə Administrasiyasının məlumatları əsasında hazırlanann reytinqdə Avropanın 30 ölkəsinin dövlət borcu müqayisə edilib.

İlk beşlikdə Belçika (110,2%) və Böyük Britaniya (102,6%) da yer alıb. İspaniyada bu göstərici 101,4% təşkil edib. Beləliklə, Avropada altı ölkənin dövlət borcu illik iqtisadi istehsal həcmini, yəni ÜDM-i üstələyib.

Portuqaliya 92,5%-lə yeddinci, Finlandiya 90,2%-lə səkkizinci yerdədir. Avstriyada dövlət borcunun ÜDM-ə nisbəti 83,6%, Macarıstanda 75,6% təşkil edib.

Avropanın aparıcı iqtisadiyyatlarından Almaniya nisbətən aşağı borc göstəricisi ilə seçilir. Ölkənin dövlət borcu ÜDM-in 63,4%-nə bərabərdir. Bu, Fransanın göstəricisindən təxminən iki dəfə azdır. Almaniya reytinqdə 13-cü yerdə qərarlaşıb.

Skandinaviya ölkələri arasında da ciddi fərq müşahidə olunur. Finlandiyada dövlət borcunun ÜDM-ə nisbəti 90,2% olduğu halda, İsveçdə 35,3%, Danimarkada isə 27,1% təşkil edib.

Reytinqdə ən aşağı göstəricilər İsveçrədə (23,4%), Estoniyada (26,1%) və Danimarkada (27,1%) qeydə alınıb. İsveçrə üzrə rəqəmin 2025-ci ilin tam illik qiymətləndirməsi olduğu bildirilir.

Hesabatda Böyük Britaniyanın borc yükünün artmasında inflyasiyaya bağlı istiqrazların da roluna diqqət çəkilir. Ölkənin dövlət borcunun təxminən dörddə biri inflyasiya dəyişikliklərinə indeksləşdirilmiş istiqrazlardan ibarətdir. İnflyasiya yüksəldikdə bu istiqrazlar üzrə öhdəliklər də artır və nəticədə borca xidmət xərcləri yüksəlir.

Almaniya isə nisbətən aşağı borc səviyyəsindən istifadə edərək dövlət investisiyalarını genişləndirməyə çalışır. 2025-ci ildə ölkədə müdafiə və təhlükəsizlik xərcləri, eləcə də infrastruktur və iqlim layihələri üçün əlavə borclanma imkanları yaradılıb.