Yarımkeçirici sənayesində sürətlənən artım ABŞ dollarının beynəlxalq maliyyə sistemindəki mövqeyinə təsir göstərir. Deutsche Bank-ın strateqi Mallika Saçdevanın qiymətləndirməsinə görə, Asiya ölkələrinin çip ixracından əldə etdiyi gəlirlər ənənəvi dövlət istiqrazları əvəzinə getdikcə daha çox ABŞ səhmlərinə yönəldilir.
Strateqin noyabrın 16-da yayımlanan araşdırmasında bildirilir ki, texnoloji liderlik dolların beynəlxalq üstünlüyünü təmin edən əsas amillərdən birinə çevrilir və tədricən geosiyasi təsiri ön plana keçir.
2026-cı ilin iyununda başa çatan dörd rüb ərzində qlobal yarımkeçirici ticarətinin həcmi müasir tarixdə ilk dəfə neft və qaz ticarətini üstələyib. Çin istisna olmaqla, Asiya ölkələrinin yarımkeçirici ticarətində əldə etdiyi profisit də Fars körfəzi ölkələrinin neft ixracından qazandığı profisitlə müqayisə edilə biləcək səviyyəyə çatıb.
Bu proses ənənəvi “neft dolları” modelini dəyişir. Əvvəllər neft satışından əldə olunan gəlirlər əsasən ABŞ Xəzinədarlığının istiqrazlarına yatırılırdısa, yarımkeçirici ixracından qazanılan vəsaitlər getdikcə daha çox Amerika şirkətlərinin səhmlərinə yönəldilir.
Son bir ildə xarici investorlar 1 trilyon dollardan artıq ABŞ səhmi alıblar. Bu məbləğ onların Amerika Xəzinədarlığının istiqrazlarına yatırdıqları vəsaitdən iki dəfədən çoxdur. Xarici səhm alışlarında ən böyük artım Asiya investorlarının payına düşüb.
Cənubi Koreya bu tendensiyanın ən bariz nümunələrindən biridir. Ölkənin yarımkeçirici ixracı illik müqayisədə 200%-dən çox artaraq təxminən 250 milyard dollarlıq ticarət profisitinin formalaşmasına şərait yaradıb.
Cənubi Koreyanın səhmlərə xarici investisiyalarının təxminən 70%-i ABŞ qiymətli kağızlarına yönəlir. Fərdi investorlar arasında isə bu göstərici 90%-i ötür.
Beləliklə, Asiya ölkələrindən ABŞ səhm bazarına daxil olan kapital süni intellekt infrastrukturu quran Amerika texnologiya şirkətlərinin maliyyələşdirilməsinə kömək edir. Həmin şirkətlərin investisiyaları isə Asiyada istehsal olunan yarımkeçiricilərə tələbatı artırır.
Deutsche Bank-ın qiymətləndirməsinə görə, bu dövriyyənin miqyası daha da genişlənə bilər. Ən iri bulud xidmətləri təminatçılarının 2031-ci ilədək kapital xərcləri üzrə öhdəlikləri təxminən 8 trilyon dollar həcmində qiymətləndirilir. Bu investisiyalar yarımkeçiricilərə əlavə 4 trilyon dollarlıq tələbat yarada bilər.
Bununla yanaşı, Amerika şirkətləri çiplərin layihələndirilməsi, proqram təminatı və istehsal avadanlıqları sahəsində əhəmiyyətli nəzarəti qoruyurlar. Nəticədə yarımkeçirici sənayesinin ümumi mənfəətinin təxminən 70%-i ABŞ şirkətlərinin payına düşür.
Lakin yeni maliyyə modelinin dollar üçün riskləri də var. Belə ki, Amerika səhmlərinin qiymət dəyişkənliyi ABŞ Xəzinədarlığının istiqrazları ilə müqayisədə təxminən üç dəfə yüksəkdir. Texnologiya şirkətlərinin səhmlərində isə daha kəskin dalğalanmalar müşahidə olunur.
Süni intellekt infrastrukturuna yatırımların zəifləməsi eyni vaxtda bir neçə istiqamətdə mənfi təsir göstərə bilər: yarımkeçiricilərə tələbat azala, Asiya ölkələrinin ixrac gəlirləri zəifləyə və xarici investorların ABŞ səhmlərinə marağı aşağı düşə bilər.
Deutsche Bank hesab edir ki, dolların beynəlxalq mövqeyi getdikcə texnologiya sektorunun inkişafından, investorların əhval-ruhiyyəsindən və qlobal kapital axınlarından daha çox asılı vəziyyətə gəlir.
MONETAR.AZ