Avropa İttifaqı (Aİ) və ABŞ arasında son aylarda gərginləşən ticarət münasibətlərində mühüm yumşalma baş verib. Avropa Parlamenti Strasburqda keçirilən plenar iclasda keçən il əldə olunmuş ticarət sazişinin şərtlərinə əməl olunması çərçivəsində Amerika mallarının idxal rüsumlarının azaldılmasını nəzərdə tutan qanunvericiliyi rəsmən təsdiqləyib.
440 lehinə, 151 əleyhinə səslə qəbul edilən bu qərar dünyanın iki ən böyük ticarət tərəfdaşı arasında yeni bir tarif müharibəsinin başlamasının qarşısını almaq məqsədi daşıyır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp və Avropa İttifaqı rəhbərliyi arasında bu çərçivə sazişi 2025-ci ilin iyul ayında Trampın Şotlandiyadakı "Törnberri" qolf kurortunda imzalanmışdı.
ABŞ-dən idxal olunan sənaye mallarının rüsumlarını tamamilə ləğv etmək və Amerika kənd təsərrüfatı (və dəniz) məhsullarına güzəştli daxilolma hüququ vermək və Avropa İttifaqından gələn əksər mallara tətbiq edilən rüsumları maksimum 15% səviyyəsində dondurmaq sazişin əsas parametrləridir.
Sazişin imzalanmasından təxminən 11 ay keçməsinə baxmayaraq, Avropadakı daxili siyasi fikir ayrılıqları və Trampın Qrenlandiya ilə bağlı bəyanatlarının yaratdığı gərginlik səbəbindən Aİ qanunvericiliyi qəbul etməyi gecikdirirdi. Donald Trampın rəsmi Brüsselə müraciət edərək, əgər 4 iyula qədər rüsumlar azaldılmazsa, Avropa avtomobillərinə və digər mallara "çox daha yüksək" (25%-lik) tariflər tətbiq edəcəyi ilə bağlı xəbərdarlığından sonra Avropa Parlamenti prosesi sürətləndirdi.
Bu səsvermə ilə qlobal bazarlar rahat nəfəs alsa da, transatlantik ticarətdə risklər tam bitmiş sayılmır. Belə ki, bu qərardan cəmi bir gün əvvəl Donald Trampın Fransanın texnologiya nəhənglərinə tətbiq etdiyi rəqəmsal vergiyə cavab olaraq fransız şərablarına 100%-lik rüsum tətbiq edə biləcəyi ilə bağlı hədəsi gərginliyin hələ də pərdəarxasında davam etdiyini göstərir.
MONETAR.AZ