AMB bank sektorunda nəzarəti sərtləşdirir – yeni tənzimləmə modeli hazırlanır

AMB bank sektorunda nəzarəti sərtləşdirir –

Azərbaycan Mərkəzi Bankı 2024–2026-cı illəri əhatə edən maliyyə sektorunun inkişaf strategiyası çərçivəsində bank və kredit təşkilatlarına nəzarət mexanizmlərinin mərhələli şəkildə yenilənməsini planlaşdırır. Məlumata görə, əsas hədəf risk əsaslı tənzimləmə modelinə keçidi dərinləşdirmək və nəzarət proseslərini beynəlxalq standartlara uyğunlaşdırmaqdır.

Yeni yanaşma çərçivəsində bank nəzarəti sisteminin Bazel Komitəsi tərəfindən müəyyən edilən əsas prinsiplərə uyğunluğunun artırılması nəzərdə tutulur. Bu məqsədlə uzunmüddətli likvidliyin idarə olunması ilə bağlı yeni tələblərin tətbiqi, bankların dayanıqlığını qiymətləndirən ICAAP (daxili kapital adekvatlığı qiymətləndirmə prosesi) mexanizmlərinin genişləndirilməsi və sektor iştirakçılarına metodoloji dəstəyin verilməsi planlaşdırılır.

Strategiyada həmçinin bank sektorunda mümkün risklərin idarə olunması üçün rezolyusiya (problemli bankların idarə edilməsi) çərçivəsinin təkmilləşdirilməsi də əsas istiqamətlərdən biri kimi göstərilir. Bununla yanaşı, bank olmayan kredit təşkilatlarının institusional imkanlarının gücləndirilməsi və onların maliyyə mənbələrinə çıxışının genişləndirilməsi nəzərdə tutulur.

AMB alternativ maliyyələşdirmə alətlərinin inkişafını da prioritetlər sırasına daxil edib. Bu çərçivədə yeni tənzimləyici mexanizmlərin hazırlanması, konsolidasiya olunmuş nəzarət yanaşmasının formalaşdırılması və rəqəmsal nəzarət texnologiyalarının – “SupTech” həllərinin tətbiqi planlaşdırılır. Eyni zamanda, islam bankçılığı məhsullarının inkişafı və bu sahədə bazara çıxış imkanlarının artırılması da gündəmdədir.

Strategiyada real sektorun maliyyələşdirilməsi xüsusi yer tutur. Xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, eləcə də kənd təsərrüfatı şirkətlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsi məqsəd kimi müəyyən edilib.

Bu addımlar sektorun daha dayanıqlı və şəffaf fəaliyyətinə xidmət etsə də, yeni tələblərin tətbiqi banklar üçün əlavə uyğunlaşma xərcləri yarada bilər. Xüsusilə kiçik və orta maliyyə institutlarının bu dəyişikliklərə adaptasiyası zaman və resurs tələb edəcək. Bununla belə, uzunmüddətli perspektivdə bu islahatların maliyyə sabitliyini gücləndirməsi gözlənilir.

MONETAR.AZ