Avropa İttifaqının yeni büdcə layihəsi 40 milyard avro azaldılıb

Avropa İttifaqının yeni büdcə layihəsi

Avropa Şurasının Prezidenti Antoniu Koşta Avropa İttifaqının 2028–2034-cü illəri əhatə edən çoxillik büdcəsinin yenilənmiş layihəsini təqdim edib. Yeni variant əvvəlki təkliflə müqayisədə 40 milyard avro azaldılaraq 1,58 trilyon avroya endirilib. Sənəddə rəqəmsal şirkətlərə vergi tətbiqi də daxil olmaqla, yeni gəlir mənbələrinin yaradılması nəzərdə tutulur.

Yenilənmiş büdcə layihəsi oktyabrda Aİ Şurasında İrlandiyanın sədrliyi dövründə təqdim edilmiş kompromis variantından 40 milyard avro aşağıdır. Avropa Komissiyasının ilkin təklifi ilə müqayisədə isə azalma 180,6 milyard avroya çatır.

Koştanın planında əsas ixtisarlar Avropa Rəqabətqabiliyyətlilik Fonduna, müdafiə və xarici fəaliyyət istiqamətlərinə ayrılan vəsaitlər üzrə nəzərdə tutulub. Sözügedən fondun əsas məqsədi Avropa sənayesinin Çin və ABŞ şirkətləri ilə rəqabət imkanlarını gücləndirməkdir. Bununla yanaşı, kənd təsərrüfatı və birlik siyasəti proqramlarının maliyyələşdirilməsi İrlandiyanın əvvəlki kompromis təklifində nəzərdə tutulduğundan daha az azaldılır.

Yeni büdcə rəqəmləri Fransanın etirazına səbəb olub. Paris hesab edir ki, təklif fermerlərin maraqlarını lazımi səviyyədə qorumur. Avropa Parlamentinin büdcə üzrə baş müzakirəçisi Ziqfrid Mureşan da layihəni geriyə addım kimi qiymətləndirib.

Onun sözlərinə görə, təklif Avropa Parlamentinin razılığını qazanmaq üçün yetərli deyil. Mureşan bildirib ki, Aİ büdcəsi investisiyalara xidmət etməlidir və ardıcıl ixtisarlar belə bir strategiya hesab edilə bilməz.

Birliyin ən böyük xalis büdcə donorlarından olan Almaniyanın kansleri Fridrix Merts isə Koştanın təşəbbüsünü ilkin addım kimi dəyərləndirib. Bununla belə, o, büdcənin ümumi həcminin hələ də yüksək olduğunu vurğulayıb. Mertsin fikrincə, maliyyə yükünün ədalətli bölüşdürülməsi üçün gəlirlər hissəsində də dəyişikliklər edilməlidir.

Layihənin gəlir mənbələrindən biri kimi böyük rəqəmsal şirkətlərə 3 faizlik verginin tətbiqi təklif olunur. Bu vergi Aİ-də rəqəmsal fəaliyyətdən illik dövriyyəsi 50 milyon avronu, qlobal dövriyyəsi isə 750 milyon avronu aşan şirkətlərin onlayn reklam, rəqəmsal vasitəçilik xidmətləri və istifadəçi məlumatlarından əldə etdiyi illik xalis gəlirinə şamil edilə bilər.

Təklifin ilk növbədə “Google”, “Microsoft”, “Meta”, “Apple” və “Amazon” kimi iri texnologiya şirkətlərinə təsir göstərəcəyi gözlənilir.

Sənəddə pandemiyadan sonra iqtisadiyyatın bərpası üçün yaradılmış fondun maliyyələşdirilməsi məqsədilə cəlb olunan 600 milyard avrodan artıq birgə Aİ borcunun qaytarılması məsələsi də əksini tapıb. Faizlərin ödənilməsi və əsas borcun qaytarılmasına 2028-ci ildən başlanılması, prosesin isə 2058-ci ilədək davam etməsi nəzərdə tutulur. Bununla yanaşı, ilk yeddi il ərzində əsas borcun ödənilməsi tempinin aşağı salınması mümkün ola bilər.

Aİ-yə üzv 27 ölkənin liderləri yenilənmiş büdcə layihəsini noyabrın 26–27-də keçiriləcək xüsusi sammitdə müzakirə edəcəklər. Məqsəd dekabrda razılaşma əldə etməkdir. Büdcənin qüvvəyə minməsi üçün bütün üzv dövlətlərin yekdil razılığı tələb olunur.

Liderlər 2027-ci ildə bir sıra üzv ölkələrdə keçiriləcək seçkilərdən əvvəl, 2026-cı ilin sonunadək büdcə ilə bağlı razılığa gəlməyə çalışırlar.

MONETAR.AZ