Redaksiyamıza müraciət edən Ekspressbank müştərisi kredit ödənişlərinin vaxtında həyata keçirilməsi ilə bağlı problem yaşadığını bildirib. Müştərinin sözlərinə görə o, kredit ödənişi üçün tələb olunan məbləği hər ay ödəniş günü cari hesabına yerləşdirir. Lakin vəsait hesabda olmasına baxmayaraq, bankın mobil tətbiqində kredit ödənişinə yönləndirilmir və silinmə prosesi baş vermir.
Müştəri iddia edir ki, bankın mobil tətbiqində kredit ödənişlərinin avtomatik silinməsi funksiyası mövcud olsa da, bu funksiya faktiki olaraq dərhal işləməyib. Onun sözlərinə görə, məsələ ilə bağlı banka müraciət etdikdə bildirilib ki, silinmə gün ərzində, xüsusilə saat 19:00-dan sonra həyata keçiriləcək. Lakin həmin gün ərzində də ödəniş icra olunmayıb və yalnız növbəti gün silinmə baş tutub.
Müştərinin fikrincə, bu gecikmə nəticəsində sistemdə kredit ödənişi vaxtında edilməmiş kimi görünə bilər və nəticədə kredit tarixçəsinə mənfi təsir göstərə bilər. O bildirib ki, bəzi hallarda hesabda olan vəsait aylıq ödənişi tam qarşılasa da, gec silinmə səbəbindən texniki gecikmə yaranır.
Məsələ ilə bağlı Ekspressbanka müraciət etdik. Bankdan bildirildi ki, bankın sistem qaydalarına əsasən kredit ödənişləri avtomatik olaraq ödəniş günü iş saatlarının sonunadək silinir.
“Bankın sisteminə əsasən, silinmə prosesi ödəniş günü iş saatlarının sonunadək avtomatik həyata keçirilir”, - deyə bankdan bildirilib.
Qeyd edək ki, bazarda fəaliyyət göstərən bir sıra banklarda kredit ödənişləri hesaba vəsait daxil olduqdan sonra qısa müddət ərzində avtomatik silinir. Bu səbəbdən müştərilər arasında ödənişin yerləşdirilməsi ilə kredit borcunun bağlanması arasındakı zaman fərqi ilə bağlı suallar yaranır.
Ekspertlərin fikrincə, bank müştərisi ödəniş tarixində hesabında kifayət qədər vəsait saxlayırsa, bank sistemində yaranan texniki gecikmələrin müştərinin kredit tarixçəsinə təsir etməməsi üçün mexanizmlər aydın şəkildə tənzimlənməlidir.
Müştərilər isə bildirirlər ki, mobil tətbiqlərdə təqdim olunan avtomatik ödəniş funksiyalarının real işləmə prinsipi və silinmə vaxtı barədə banklar tərəfindən daha aydın məlumat verilməlidir.
MONETAR.AZ