Son bir il ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının informasiya sistemlərində 3000-dən artıq audit və monitorinq icra olunmuş, aşkarlanan yüzlərlə kiberinsidentin qarşısı operativ şəkildə alınıb.
"APA-Economics" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində kiberfestival iştirakçılarına müraciətində deyib.
"Bildiyiniz kimi, gələcəyin müharibələri artıq yalnız cəbhədə deyil, həm də kibermühitdə aparılacaqdır. Məhz buna görə "Critical Infrastructure Defence Challenge" tədbiri dövlət qurumlarının, kritik infrastrukturların və sahə üzrə gənc mütəxəssislərin bilik və bacarıqlarını sınaqdan keçirməklə daha da təkmilləşdirmək üçün unikal platforma rolunu oynayır. Bu tədbirin sizin üçün həm bilik mübadiləsi, həm də praktik tətbiq imkanlarına açıq bir meydan olmasını arzulayıram. Əminəm ki, bu yarışma yeni nəsil kiberordunun formalaşmasında mühüm mərhələ olacaqdır", - deyə İlqar Musayev qeyd edib.