Gürcüstanın Qara dəniz limanlarından Bakıya blok qatarları göndəriləcək

Gürcüstanın Qara dəniz limanlarından Bakıya
2 Oktyabr 2025 10:48

Gürcüstanın Qara dəniz limanlarından Bakı istiqamətində blok qatarlarının göndərilməsinə başlanacaq. Bu barədə “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, Gürcüstan və Azərbaycan dəmir yolları arasında Almatıda imzalanmış qarşılıqlı razılaşmaya əsasən, yük sahiblərinə sadələşdirilmiş və daha sürətli xidmətlər təklif olunacaq.

Blok qatarlar Batumi–Poti–Tbilisi–Abşeron–Sumqayıt–Ələt marşrutu üzrə hərəkət edəcək. Yeni xidmət Qara dəniz limanlarını Azərbaycanın iri logistik mərkəzləri və terminalları ilə birləşdirəcək.

Qatarların hərəkəti əvvəlcədən müəyyən edilmiş qrafik əsasında həyata keçiriləcək. Bu da yük sahiblərinə konteynerlərin Poti limanından Bakıya çatdırılma vaxtını və boş konteynerlərin geri qaytarılma müddətini əvvəlcədən dəqiq şəkildə bilməyə imkan yaradacaq.

“Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze qeyd edib ki, yeni xidmətin tətbiqi nəticəsində yük sahibləri həm vaxta, həm də əlavə xərclərə əhəmiyyətli dərəcədə qənaət edəcəklər. Onun sözlərinə görə, yüklərin və boş konteynerlərin terminallarda saxlanması üçün gündəlik ödənişlər tələb olunur və bu baxımdan yeni mexanizm daha effektiv və sərfəli həll hesab olunur.

“Məqsədimiz odur ki, şirkətlər mümkün qədər çox yük daşıya bilsinlər və nəticədə “Gürcüstan Dəmir Yolları”nın gəlirləri artsın”, – deyə baş direktor vurğulayıb.

Qeyd edək ki, bu təşəbbüs regional nəqliyyat və logistika imkanlarının genişləndirilməsində mühüm rol oynayacaq və Azərbaycan-Gürcüstan arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək.

MONETAR.AZ


Oxşar xəbərlər