ABŞ süni intellekt çiplərinin satışını nəzarətə götürmək istəyir

ABŞ süni intellekt çiplərinin satışını

ABŞ-da Donald Trump administrasiyası Nvidia və AMD şirkətlərinin süni intellekt (AI) üçün nəzərdə tutulmuş çiplərinin dünyanın istənilən ölkəsinə ixracı üçün məcburi icazə sistemi tətbiq etməyi nəzərdən keçirir. Bu barədə Bloomberg məlumat yayıb.

ABŞ Ticarət Nazirliyi tərəfindən hazırlanmış yeni qayda layihəsi Vaşinqtona digər ölkələrin süni intellekt modellərini öyrətmək və işlətmək üçün infrastruktur qurub-qura bilməyəcəyinə nəzarət etmək imkanı verəcək. Hazırda belə məhdudiyyətlər təxminən 40 ölkəyə şamil olunur, lakin yeni qaydalar onların qlobal səviyyədə tətbiqini nəzərdə tutur.

Təklif olunan qaydalara görə, AI üçün ixrac olunan sürətləndirici çiplərin demək olar ki, bütün tədarükləri üçün ABŞ hökumətindən icazə tələb olunacaq. Bu çiplər minlərlə ədəd olmaqla OpenAI və Alphabet kimi şirkətlər tərəfindən data mərkəzlərində quraşdırılır və burada ChatGPT və Gemini kimi süni intellekt modellərinin işləməsi təmin edilir.

Agentliyin məlumatına görə, yeni qaydalar Nvidia məhsullarının ixracına tam qadağa qoymaq məqsədi daşımır. Əksinə, ABŞ hökuməti süni intellekt sənayesi üçün bir növ “qapıçı” (gatekeeper) rolunu oynayacaq. Bəzi hallarda şirkətlər və ya onların hökumətləri AI sürətləndiricilərini almaq üçün Vaşinqtondan xüsusi icazə almalı olacaqlar.

ABŞ həmçinin lisenziyalaşdırma mexanizmindən istifadə edərək Çin şirkətlərinin ABŞ istehsalı çiplərə xarici bulud data mərkəzləri vasitəsilə çıxışını məhdudlaşdırmaq niyyətindədir. Bu cür yanaşma artıq Birləşmiş Ərəb Əmirliklərində tətbiq olunub — burada çiplərin tədarükü üçün şərtlərdən biri Çin AI layihələrinə xidmət göstərməmək olub.

Minlərlə çip sifariş edən texnologiya şirkətləri nisbətən sadə yoxlama prosedurundan keçəcək. Daha böyük hesablama klasterləri quran şirkətlər isə ixrac lisenziyası üçün müraciət etməzdən əvvəl ilkin hökumət təsdiqi almalı olacaqlar. Bundan əlavə, bəzi hallarda: biznes modellərinin açıqlanması, data mərkəzlərinə hökumət nümayəndələrinin girişinə icazə verilməsi kimi əlavə şərtlər tətbiq oluna bilər.

Əgər bir şirkət bir ölkədə 200 min ədəddən çox Nvidia GB300 qrafik prosessoru yerləşdirmək istəyərsə, bu zaman həmin ölkənin hökuməti də prosesə cəlb olunmalıdır. ABŞ belə böyük ixrac əməliyyatlarını yalnız təhlükəsizlik zəmanətləri verən və ABŞ süni intellekt texnologiyalarına investisiya edən müttəfiq ölkələr üçün təsdiqləməyi planlaşdırır.

Məlumat üçün qeyd edilir ki, Britaniyanın NScale şirkəti Microsoft üçün ABŞ və Avropada yerləşən dörd data mərkəzində istifadə etmək məqsədilə 200 min ədəd GB300 sürətləndiricisini sifariş etməyi planlaşdırır. Şirkət bu müqaviləni “AI infrastrukturu tarixində ən böyük layihələrdən biri” adlandırıb.

Nvidia, AMD və ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu məsələ ilə bağlı şərh sorğularına cavab verməyiblər. Nazirlik sonradan sosial şəbəkələrdə bildirib ki, qurum “təhlükəsiz ixracı təşviq etmək” məqsədi ilə bu yanaşmanı formalaşdırmaq üçün hökumət daxilində müzakirələr aparır.

 

MONETAR.AZ