Razılıq olmadan süni intellektlə foto və video hazırlayanlar həbs oluna bilər

Razılıq olmadan süni intellektlə foto və video hazırlayanlar

Azərbaycanda süni intellekt texnologiyalarından istifadə ilə bağlı yeni cəza tədbirləri tətbiq oluna bilər. Şəxsin razılığı olmadan onun görüntüsü və ya səsi əsasında süni intellekt vasitəsilə saxta foto, video və audio material hazırlayan və yayan şəxslərin cəzalandırılması təklif olunur.

Bu barədə Cinayət və Cinayət-Prosessual Məcəllələrinə dəyişikliklər layihəsində nəzərdə tutulub. Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə edilib.

Təklif edilən dəyişikliklərə əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt və xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio material hazırlayan və ya həmin materialları mediada, internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayan şəxslər 3 min manatdan 7 min manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər.

Layihəyə görə, eyni əməllər bir qrup şəxs tərəfindən, iki və ya daha çox şəxsə qarşı, yaxud şəxsin şərəf və ləyaqətini ləkələmək və ya nüfuzdan salmaq məqsədilə törədildikdə cəza daha da sərtləşdirilir. Belə hallarda 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Bundan əlavə, şəxsin razılığı olmadan onun görüntüsü və ya səsi əsasında süni intellekt vasitəsilə pornoqrafik və ya seksual məzmunlu materialların hazırlanması və yayılması daha ağır cinayət sayılacaq. Bu hallarda 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

Qanun layihəsində həmçinin qeyd olunur ki, süni intellekt texnologiyaları ilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə həmin materialların süni intellekt vasitəsilə hazırlandığını açıq və aydın şəkildə göstərən xüsusi nişanlanma ilə təqdim olunması tələb ediləcək.

Təklif olunan dəyişikliklər süni intellekt texnologiyalarından sui-istifadə hallarının qarşısını almaq və şəxslərin hüquqlarının qorunmasını gücləndirmək məqsədi daşıyır.

MONETAR.AZ