Google Android əməliyyat sistemində batareyanı həddindən artıq sərf edən tətbiqlərə qarşı yeni qoruma funksiyasını işə salıb. Bu barədə texnologiya nəşri FoneArena məlumat yayıb.
Şirkət bu funksiyanı ilk dəfə 2025-ci ilin noyabrında elan etmişdi. Android-in yeni versiyasında sistem tətbiqlərin enerji istehlakını daha diqqətlə izləyəcək və batareyanı həddindən artıq sərf edən proqramları avtomatik olaraq məhdudlaşdıracaq.
Bir çox tətbiq — məsələn, messencerlər və sosial şəbəkə xidmətləri fon rejimində işləyir. Android platformasında bəzi proqramlar bu funksiyadan sui-istifadə edərək tez-tez fon rejimində aktivləşir və nəticədə smartfonun batareyası daha sürətlə boşalır.
Yeni funksiya belə halların qarşısını almaq üçün tətbiqlərin “yuxu rejimindən” çıxmaq cəhdlərini məhdudlaşdıracaq.
Bundan əlavə, Google proqram tərtibatçıları ilə əlaqə saxlayaraq tətbiqlərin optimallaşdırılması üçün tövsiyələr verəcək. Əgər problem aradan qaldırılmasa, həmin tətbiqlər Google Play mağazasında “çox enerji sərf edən” kimi işarələnəcək.
Belə proqramlar həmçinin mağazanın axtarış nəticələrində daha aşağı mövqedə göstəriləcək və istifadəçilərin onları tapması çətinləşəcək.
Eyni zamanda jurnalistlər BGR nəşrində bahalı və daha əlçatan smartfonları fərqləndirən əsas xüsusiyyətləri də qeyd ediblər. Onların fikrincə, əsas fərqlər prosessorun gücü, yaddaşın həcmi, ekranın keyfiyyəti və kameraların imkanları ilə bağlıdır.
MONETAR.AZ