Qazaxıstanda minlərlə neft quyusu süni intellektin nəzarətinə verilib

Qazaxıstanda minlərlə neft quyusu süni intellektin

Qazaxıstanda 4 mindən çox neft quyusu süni intellekt əsaslı onlayn monitorinq sisteminə qoşulub. Bu barədə ölkənin energetika naziri Erlan Akkenjenov hökumət iclasında bildirib.

Onun sözlərinə görə, sistem real vaxt rejimində istehsal göstəricilərini təhlil edir, kənarlaşmaları müəyyənləşdirir və hasilat həcmlərini proqnozlaşdırır. Gözlənilir ki, bu texnologiya quyuların dayanma müddətini 20%-dək azaldacaq və ildə təxminən 1 milyard tenge (təxminən 2,1–2,2 milyon dollar) iqtisadi səmərə verəcək.

Ölkənin yanacaq-energetika kompleksində ümumilikdə 45 süni intellekt layihəsindən ibarət portfel formalaşdırılıb və onlardan 10-u artıq tətbiq mərhələsindədir.

Süni intellekt texnologiyaları həmçinin KazMunayGas şirkətində 12 yatağın idarə olunmasında istifadə olunur. Bu yanaşma nəticəsində 2030-cu ilə qədər əlavə 2,864 milyon ton neft hasilatı və 725 milyon dollara qədər iqtisadi effekt əldə edilə bilər.

Bundan əlavə, süni intellekt qaz sektorunda, KEGOC enerji sistemində, bərpa olunan enerji və istilik təchizatı sahələrində də tətbiq edilir. Bu texnologiyalar xərclərin azaldılmasına və qəzaların qarşısının alınmasına kömək edir.